Bir neçə böyük NATO ölkəsi Baş katib Mark Ruttenin Ukraynaya hərbi yardımı artırmaq təşəbbüsünü bloklayıb.
Rutte müttəfiqlərin hər il Kiyevi dəstəkləmək üçün ÜDM-in 0,25%-ni ayırmasını təklif edib, lakin Birləşmiş Krallıq, Fransa, İspaniya, İtaliya və Kanada buna qarşı çıxıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Telegraph”-a bildiriblər.
Artıq ÜDM-in 0,25%-dən çoxunu yardıma xərcləyən ən azı yeddi ittifaq üzvü dövləti bu ideyanı dəstəkləyib. Bunlara Hollandiya, Polşa, Baltikyanı ölkələr və Skandinaviya daxildir. Lakin NATO qərarları konsensus yolu ilə qəbul edilir.
Rutte iyul ayında Türkiyədə keçiriləcək NATO sammitində Ukraynaya əlavə dəstək planını təsdiqləməyə ümid edirdi. “Politico”-nun NATO ölkələrinin ümumi ÜDM-nin təxmininə əsaslanan əvvəlki hesablamalarına görə, təşəbbüs təsdiqlənərsə, illik hərbi yardım faktiki olaraq üç dəfə artaraq 143 milyard dollara çata bilər.
Rutte əvvəllər dəfələrlə Kiyevə edilən yardımın NATO ölkələri arasında "qeyri-bərabər paylandığını" və bir çoxunun "Ukraynanı dəstəkləmək məsələsində az xərclədiyini" qeyd edib. Alyansın lideri vurğulayıb ki, Avropa daha böyük məsuliyyət daşımalı və bu məsələdə ABŞ-yə etibar etməməlidir.
Ukraynaya ÜDM-in 0,25%-nin ayrılması ideyası ilk dəfə ötən yay Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən səsləndirilib. "Ukrayna Avropa təhlükəsizliyinin bir hissəsidir və biz konkret tərəfdaş ölkənin ÜDM-nin 0,25%-nin müdafiə sənayemizə və daxili istehsalımıza ayrılmasını istəyirik", - deyə Zelenski o vaxt bildirib.
2025-ci ildə Kiyev tərəfdaşlarından 45 milyard dollarlıq hərbi yardım alıb. Bu məbləğə Ukrayna Silahlı Qüvvələri üçün silah alışı və Ukraynanın müdafiə müəssisələrinə investisiyalar daxildir. Rutte əvvəllər qeyd etmişdi ki, Avropa və Kanada PURL proqramı çərçivəsində Ukrayna üçün ABŞ-dan silah alınmasına ayda 1 milyard avro xərcləyir.
Bu mexanizm ötən yay ABŞ Prezidenti Donald Trampın Kiyevə pulsuz yardım göstərməkdən imtina etməsindən sonra işə salınıb. Proqrama əsasən, Ukrayna tərəfi avropalıların daha sonra ABŞ-dan aldıqları zəruri silahların aylıq siyahısını tərtib edir. Rutte bildirib ki, 2026-cı ilə qədər Avropa ölkələri Kiyevə 15 milyard dollar dəyərində silah verməyi planlaşdırırlar.