AZ

XXI əsr türk dünyasının əvəzolunmaz liderləri

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Qəlbi hər zaman Türk dünyasının birliyi ilə döyünən Azərbaycan xalqı üçün Türkiyə yalnız dost və qardaş ölkə deyil, eyni zamanda ortaq tarixin, ortaq mədəniyyətin və ortaq taleyin ayrılmaz parçasıdır. Bu mənəvi yaxınlığı böyük dövlət xadimi Mustafa Kamal Atatürk hələ sağlığında yüksək dəyərləndirərək demişdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu hikmətli sözlər iki xalq arasında mövcud olan qardaşlığın sarsılmaz təməlini ifadə edən tarixi bir çağırış kimi bu gün də öz aktuallığını qoruyur.

Azərbaycan və Türkiyə arasında formalaşmış siyasi, iqtisadi, mədəni və mənəvi münasibətlər yalnız region üçün deyil, bütün Türk dünyası üçün örnək təşkil etməkdədir. İki dövlət arasında qurulan strateji əməkdaşlıq xalqlarımızın rifahına, təhlükəsizliyinə və gələcək inkişafına xidmət edən mühüm körpüdür. Elm, mədəniyyət və incəsənət sahəsində həyata keçirilən layihələr ortaq dəyərlərimizin daha geniş coğrafiyada tanıdılmasına böyük töhfə verir. Rəsm sənəti, ədəbiyyat, musiqi və digər yaradıcılıq nümunələri vasitəsilə qurulan mənəvi bağlar Azərbaycan–Türkiyə dostluğunu daha da möhkəmləndirir.

Bu müqəddəs qardaşlığın siyasi və ideoloji əsaslarını gücləndirən Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Azərbaycan–Türkiyə münasibətlərinin siyasi fəlsəfəsinə çevrilmişdir. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilməkdədir.

Vətən sevgisini qəlbinin ən müqəddəs duyğusu kimi yaşadan, xalqının taleyini öz taleyi bilən böyük dövlət xadimləri tarix boyunca millətlərin yaddaşında silinməz iz qoymuşlar. Türk dünyasının taleyüklü məqamlarında öz qətiyyətli mövqeyi, siyasi uzaqgörənliyi və sarsılmaz iradəsi ilə seçilən liderlər xalqların birliyinə, sülhün və ədalətin bərqərar olmasına xidmət etmişlər. Onlar yalnız dövlət rəhbərləri deyil, həm də milli ruhun daşıyıcıları, xalqın mənəvi dayağı olmuşlar.

Bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə qeyd edir ki, ölkəmizin qazandığı zəfərlərin arxasında milli birlik, qardaşlıq və ortaq iradə dayanır. Vətən uğrunda mübarizədə əyilməzlik nümayiş etdirən, müqəddəs bayrağımızı zirvələrdə dalğalandıran qəhrəman övladlarımız tarixə adlarını qızıl hərflərlə yazdırmışlar. Bu böyük qələbənin siyasi və mənəvi dayaqlarından biri də Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətləridir.

Xalqımız bu gün azad və təhlükəsiz yaşadığı üçün “qoşa çinarlar” adlandırılan liderlərə dərin minnətdarlıq hissi bəsləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının başını uca edən, dostluq və qardaşlıq körpüsünü daha da möhkəmləndirən qüdrətli liderlər kimi xalqların sevgisini qazanmışlar. Onların siyasi həmrəyliyi və qarşılıqlı dəstəyi “Bir millət, iki dövlət” fəlsəfəsinin canlı təcəssümünə çevrilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycan xalqına böyük güc vermişdir. Bu birlik, əzm və iradə nəticəsində tarixi zəfər qazanılmış, Türk dünyasının həmrəyliyi bütün dünyaya nümayiş etdirilmişdir. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına göstərdiyi dəstək xalqlarımız arasında mövcud olan əbədi dostluğun və səmimi qardaşlığın parlaq nümunəsinə çevrilmişdir.

Azərbaycan mədəniyyətində və folklorunda çinar ağacı həmişə ucalığın, dözümlülüyün, uzunömürlülüyün və əzəmətin rəmzi hesab edilmişdir. Bu baxımdan qoşa çinar obrazı Azərbaycan və Türkiyə liderlərinin simasında daha böyük məna qazanır. Onlar yalnız iki dövlətin rəhbərləri deyil, həm də Türk dünyasının birliyini qoruyan mənəvi dayaqlardır. Qoşa çinar necə bir-birindən ayrılmazdırsa, Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı da sarsılmaz və əbədidir.

Tarixi münasibətlərimizin səhifələrini vərəqlədikcə qardaşlığımızın nə qədər dərin köklərə bağlı olduğunu görürük. Azərbaycanın Türkiyəyə göstərdiyi mənəvi və siyasi dəstək, eləcə də Türkiyənin hər zaman Azərbaycanın yanında olması xalqlarımız arasında sarsılmaz etimad formalaşdırmışdır. Azərbaycanın Türkiyədəki ilk diplomatlarından olan Ibrahim Əbilov tərəfindən Mustafa Kamal Paşaya təqdim edilən qızıl xəncər və onun üzərində yazılmış tarixi sözlər bu qardaşlığın rəmzinə çevrilmişdir. Eyni zamanda Nəriman Nərimanov tərəfindən Mustafa Kamal Paşaya ünvanlanan “Paşam, qardaş-qardaşa borc verməz” fikri Türk dünyasının mənəvi birliyini və qarşılıqlı sədaqətini ifadə edən ən qiymətli tarixi nümunələrdən biri kimi yaddaşlarda yaşayır. Bu böyük irs gələcək nəsillərə qardaşlığın və birliyin müqəddəs nümunəsi kimi ötürülür.

Türk dünyasının taleyüklü tarixində Azərbaycan və Türkiyə münasibətləri hər zaman qardaşlıq, sədaqət və qarşılıqlı dəstək üzərində qurulmuşdur. Bu dostluğun təməlində isə yalnız siyasi maraqlar deyil, ortaq milli-mənəvi dəyərlər, ortaq tarix və ortaq tale dayanır. Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanov hələ XX əsrin əvvəllərində Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyənin milli azadlıq savaşına böyük rəğbət bəsləyərək “Mustafa Kamal Paşanın Türkiyəsi bizim dostumuzdur” fikrini səsləndirmişdi. Bu sözlər təkcə siyasi bəyanat deyil, həm də iki qardaş xalqın bir-birinə olan mənəvi bağlılığının ifadəsi idi.

Nərimanov Türkiyənin istiqlal mübarizəsini böyük ümid və sevgi ilə izləyir, qardaş ölkəyə əlindən gələn yardımı göstərirdi. Onun bu xidmətlərini yüksək qiymətləndirən Türkiyə Böyük Millət Məclisi Mustafa Kamal Paşanın göstərişi ilə Azərbaycana xüsusi nümayəndə heyəti göndərərək Nərimanova fəxri qılınc təqdim etmişdi. Bu hadisə tariximizin ən qürurverici səhifələrindən biri kimi Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığını sübut edən mənəvi körpüyə çevrilmişdir.

Tarixi faktlar bir daha göstərir ki, sağlam təməllər üzərində qurulan münasibətlər zaman keçdikcə daha da möhkəmlənir, nəsildən-nəslə ötürülərək xalqların ortaq yaddaşına çevrilir. Bu gün də Azərbaycan və Türkiyə arasındakı münasibətlər həmin müqəddəs irsin davamıdır. Türk dünyasının böyük oğlu, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz siyasi iradələri, dostluqları və qardaşlıqları ilə Türk dünyasının birlik rəmzinə çevrilmişlər. Onlar yalnız iki dövlətin rəhbərləri deyil, həm də ortaq tariximizin və milli mənəviyyatımızın qoşa çinarlarıdır.

Bu gün xalqlarımızın birliyi artıq siyasi münasibət çərçivəsini aşaraq milli and yerinə çevrilmişdir. Bu mənəvi bağlılıq Azərbaycan ədəbiyyatında və poeziyasında da öz əksini tapmışdır. Xalq şairi Vahid Əzizin Türkiyə Prezidentinin Bakıya səfəri münasibətilə yazdığı misralar iki lider arasındakı səmimi münasibətin poetik ifadəsinə çevrilmişdir:

Canlı abidəsiz el içində siz,Tanrı istəyilə nər gücündəsiz,Maşallah, bir boyda, bir biçimdəsiz,“İlhamla əbədi”! - dedin, “Qardaşam”!,Xoş gəldin Ərdoğan, xoş gəldin, Paşam!

Bu misralar iki qardaş xalqın mənəvi birliyini və ortaq tarixini ifadə edən poetik bir körpü kimidir. Həqiqətən də, Azərbaycan və Türkiyə liderlərinin tarix səhnəsində nümayiş etdirdikləri birlik Türk dünyasının gələcəyi üçün yeni bir səhifə açmışdır. Azərbaycan və Türkiyə liderlərinin milli-mənəvi köklərə bağlılığı onların siyasi fəaliyyətində açıq şəkildə görünür. Tarixi şəxsiyyət olmaq məhz xalqın yaddaşında sevgi, ehtiram və qürurla yaşamaq deməkdir. Bu baxımdan Azərbaycan və Türkiyə liderlərinin adı Türk dünyasının tarixində qardaşlıq, birlik və milli həmrəylik rəmzi kimi əbədi yaşayacaqdır.

Rüfət Rüstəmov

Bakı Dövlət Universiteti Türk filologiyası  kafedrasının müdiri,  

filologiya  elmləri  doktoru, professor,

yazıçı -publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr