AZ

“Toyota” ABŞ-nin İranla müharibəsi səbəbindən avtomobil istehsalını 83 min ədəd azaldır

Yaponiyanın “Toyota Motor” korporasiyası Hörmüz boğazının bağlanması səbəbindən noyabr ayına qədər ölkə xaricindəki zavodlarında avtomobil istehsalını 83 min ədəd azaldacaq. Bu barədə “Nikkei Asia” portalı məlumat yayıb.

Məlumata görə, şirkət daha əvvəl münaqişənin yaratdığı logistika problemləri səbəbindən xaricdə istehsalı 38 min avtomobil azaltacağını açıqlamışdı. Bazar ertəsi Toyota əsas təchizatçılarını istehsal planındakı yeni dəyişikliklərlə bağlı məlumatlandırıb. Şirkət səbəb kimi Yaxın Şərqdə tələbatın azalmasını və yanacaq qiymətlərinin kəskin artmasını göstərib.

İstehsalın azalması əsasən Yaxın Şərq və Asiya ölkələri üçün nəzərdə tutulan avtomobillərə təsir edəcək. Bunlar arasında Çində istehsal olunan “Toyota RAV4″ yolsuzluq avtomobilləri, həmçinin IMV (Innovative International Multi-purpose Vehicle) platformasında hazırlanan modellər var. Bu platforma pikap, SUV və minivenlərin, o cümlədən “Toyota Hilux” və “Toyota Fortuner” modellərinin istehsalında istifadə olunur.

“Nikkei Asia” yazır ki, “Toyota” artıq aprel və may aylarında Yaxın Şərq üçün nəzərdə tutulan avtomobillərin Yaponiyadakı istehsalını ümumilikdə 40 min ədəd azaldıb.

Bundan əvvəl NHK telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Mazda Hörmüz boğazının qismən bağlanması nəticəsində yaranan çatdırılma problemlərinə görə aprel-may aylarında Yaxın Şərq ölkələri üçün avtomobil istehsalını dayandırıb.

Seçilən
15
banker.az

1Mənbələr