Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində təhlükəli manevrlər edən sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərərək məlumat verib. Hadisə mayın 24-də saat 14:11 radələrində Bəşir Bünyadov küçəsində qeydə alınıb.
Belə ki, 90-LR-701 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yolun kənarından hərəkətə başlayarkən əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə üstünlük vermədən qəfil yola çıxıb. Nəticədə görüntünü qeydə alan avtomobilin sürücüsü qəzanın qarşısını almaq üçün siqnaldan istifadə etməli olub.
Qayda pozuntusuna yol verən sürücünün davranışı bununla yekunlaşmayıb. Kadrlardan göründüyü kimi, o, siqnal səsinə qarşılıq verərək əks istiqamətli hərəkət zolağına çıxıb və görüntünü qeydə alan avtomobili sıxışdırıb. Bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi üçün də təhlükəli vəziyyət yaranıb.
Şikayətçinin sözlərinə görə, hadisə zamanı avtomobildə olan ailə üzvləri ciddi narahatlıq və qorxu yaşayıb. O həmçinin bildirib ki, sürücü ünvanına nalayiq ifadələr işlədib. Xanım sürücü məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəyini dedikdə isə qarşı tərəfin “Mən qaziyəm, get nə edirsən et” dediyi iddia olunur.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, ikinci dərəcəli yoldan və ya yol kənarından hərəkətə başlayan sürücü əsas yolda olan nəqliyyat vasitələrinə yol verməlidir. Əks hərəkət zolağına çıxaraq digər sürücüləri sıxışdırmaq isə ciddi inzibati məsuliyyət yaradan təhlükəli davranış hesab olunur.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.