Səhərin erkən saatlarında yolumuzu “Yaşıl Teatr”dan saldıq. Elə qapıdaca bizi Xalq artisti, bəstəkar Faiq Sücəddinov qarşıladı və kiçik, amma ruhu musiqi ilə dolu iş otağına dəvət etdi. İçəri daxil olan kimi sənətçi piano arxasına keçdi: “Qoy əvvəlcə sizə bir şən əsər ifa edim, əhvalımız düzəlsin”.
Bir neçə dəqiqə sonra isə hələ heç yerdə səslənməyən yeni bəstəsin canlı ifa edir. O an otaqda nə sual vardı, nə də diktofonun varlığı hiss olunurdu. Sadəcə musiqi vardı… və bir əsərin doğulduğu ana şahidlik etməyin qəribə hissi.
“Yeni Sabah”ın müsahibi Xalq artisti Faiq Sücəddinovdur: Toyuqlu pizza
- Faiq bəy, bəstəkarlıq sənətinin indiki durumunu necə qiymətləndirirsiniz? Bu sahənin əsas çətinliyi nədən ibarətdir?
- Bəstəkarlıq sənətdir, özü də individual sənətdir. Hər insanın öz sənətinə müxtəlif yanaşması olur. Onu deyim ki, bəziləri bəstəkarlıq fakültəsini bitirirlər, nə isə yazırlar, amma əsasən, müəllimlik fəaliyyəti göstərirlər. Bəstəkarlar da var ki, sırf bəstəkar kimi çalışırlar. Bu çox çətin sənətdir. Çünki musiqi yazmalısan və mütləq gözəl olmalıdır. Sənəti insanların önünə çıxarırsan və buna, həm də sənin özünə qiymət verirlər. Yaxşı sənətin varsa, həm insanlar, həm dövlət yüksək səviyyədə bunu qiymətləndirir.
Bəstəkarlıq fakültəsini bitirəndən sonra yaradıcılıq fəaliyyətim çox zəngin olub. Böyük adamlarla işləmişəm. Rəşid Behbudov, Şövkət Ələkbərova və digər görkəmli şəxslərlə iş birliyim olub. Hələ də bir musiqi dinləyəndə onu mütləq analiz edirəm. 44 günlük Vətən müharibəsi zamanı Xudayarın Qarabağ haqqında mahnı oxuması mənə çox təsir göstərdi. Onda qərara gəldim ki, “Zəfər” simfonik poemasını yazım. Təbii ki, ondan öncədə Atatürk poeması və 100-ə kimi başqa əsər ərsəyə gətirmişəm. “Zəfər”i ilk dəfə İTV-də səsləndirdim.
Şuşa Qarabağın zirvəsidir və işğaldan azad olunanda sevincimizin həddi-hüdudu yoxuydu. Mən “Zəfər”i yazanda Xankəndi hələ alınmamışdı. Amma buna baxmayaraq, Xankəndinin adını qeyd etdik. Bütün şəhərlərin adını yazdıq. Ona görə ki, geci-tezi var idi ki, hər guşəmiz geri qayıtsın. Şuşa oratoriyasını yazanda qəribə hadisə baş verdi. Gecə saat 3-də oyandım ki, bu əsərdə mütləq azan olmalıdır. Zəng etdim səs rejissoruna, dəyərli muğam ifaçımız Mirələm Mirələmova və azanı səsləndirdi. 2024-cü ildə Heydər Əliyev sarayında zəfər konserti verdim. İki saatlıq konsertdə bütün əsərlərim səsləndi.
- Hazırda üzərində işlədiyiniz əsərlər varmı?
- Azərbaycan kantatası yazmışam. O da 3 hissəli və çox maraqlıdır. Bu kantatada bizim müharibə illərimiz, sülh və bərpa işlərimiz yer alıb. Ən əsası mən bura Azərbaycan himnini də əlavə etmişəm. Bu işlərlə bərabər “Füzuli” operasını yazıram. Demək olar ki, 60 faiz hazırdır. Füzuli böyük mütəfəkkir, şair idi. Deyərdim ki, müqəddəs adam idi. Hətta onu peyğəmbər kimi qəbul edirlər. Mənim onun ruhuna böyük hörmətim var.
Hər gün 3-4 saat öz sənətimə vaxt ayırıram. Səhər 7-nin yarısı yuxudan oyananda pianoda ifa edirəm. Sonra isə “Yaşıl Teatr”a gəlirəm, burada da notlarla işləyirəm. Bu, mənim gündəlik həyat tərzimdir.
Bu yaxınlarda Almaniyada oldum. Çox möhtəşəm konsert keçdi. Məni orada çox yüksək səviyyədə qarşıladılar, göz yaşları, qucaqlaşmalar oldu. Çoxlu şəkillər çəkdirdik. Bir neçə gün sora - may ayının 29-da Praqa şəhərində konsert verəcəm. Orada azərbaycanlılarla görüşüm olacaq. Artıq proqramımız hazırdır. Azərbaycanın enerjisini, sevgisini onlara çatdıracam. İnanıram ki, bu görüş də çox isti keçəcək. Onu da qeyd edim ki, Almaniyada Berlin konservatoriyanın professorları ilə görüşdüm. Onlar vaxtı ilə mənimlə oxuyublar. Onlar səfirliklə əlaqə saxladılar ki, mütləq Faiq müəllimlə görüş istəyirik. 8 Noyabr Zəfər günündə yenə Almaniyaya gedəcəyəm, mənimlə görüş istəyirlər. İnsan gərək öz sənətini, sevgisini bölüşsün. Çünki hər adama xalq tərəfindən sevilmək qismət olmur.
- Süni intellektin musiqi bəstələdiyi bir dövrə gəlib çıxmışıq. Sizcə, süni intellekt bəstəkarları kölgədə qoya bilər?
- Süni intellekt sənə variantlar verir. Musiqidə hissiyat olmalıdır, yadda qalmalıdır, gözəl səslənməlidir. Süni intellekt o istiliyi verə bilməz. Yaxşı musiqi yazmaq üçün təhsilin olmalıdır, bunun üçün əvvəlcə yaxşı piano ifa etməlisən. Mən rus telekanalında yayımlanan serial üçün 11 hissəli musiqi yazmışdım, Xalq artisti Fəxrəddin Manafov da aktyor kimi orada yer almışdı. Mən onlar üçün musiqi yazanda özümü dəyişdirdim, oldum rus. Bu, sənətdir. Süni intelekt sənin yerinə musiqi bəstələyə bilməz. Bəstələdiyin bir mahnı üçün bir neçə müxtəlif variant təklif edə bilər. Bəs sonra nə olacaq? Bəstəkar istedaddan əlavə, bilikli olmalıdır. Sənət çoxşaxəlidir.
- Həmişə deyirsiniz ki, “istedad 5 yaşında da üzə çıxa bilər”. Bu gün Azərbaycan musiqisində sizi ümidləndirən gənclər varmı?
- Təbii ki. Azərbaycan xalqı istedadlıdır. Rayonlarda şam işığında repetitorsuz universitetə yüksək balla daxil olan gənclərimiz var. 70-80-ci illərdə soruşurdular ki, pianoçusunuz, Bakıdansınız? Cavab “hə”dirsə, bizi yoxlamadan işə götürürdülər. Məndən soruşurdular ki, pianoçusan? Azərbaycanlısan? Məni sorğu-sualsız rəsmi işə götürürdülər. Bu, bizim qanımızda var, istedadlı xalqıq. Amma hər bir insan hökmən öz üzərində çalışmaldır, inkişaf etməlidir. Divanda oturub əlində pirojna televizora baxmaqla inkişaf edə bilməzsən. Həyatını boşa keçirməməlisən, vaxt uçur. Özün üçün nə isə bir addım atanda, mütaliə edəndə, daim axtarışda olanda bilirsən ki, ömrünün dəqiqələri boşa keçmir. Mənə elə gəlir ki, bundan böyük ləzzət ola bilməz. Bu yaşımda hər gün 3-4 saat pianoda ifa edirəm. Elə bilirəm dünya mənimdir. Yaradıcılıq riskdir.
- Bəstəkar Eldar Mansurov deyib ki, bayağı hesab olunan ifaçıların efirdən uzaqlaşdırılmasının əleyhinədi. Hətta əlavə edib ki, olara Cavanşir Quliyev, Faiq Sücəddinov, Vaqif Gərayzadənin bəstəsini verin, oxusunlar. Siz necə düşünürsünüz problem ifaçıdadır, yoxsa repertuarda?
- Bilirsiniz, həyatda heç kəsə demək olmaz ki, mütləq mənim kimi yaşamalısan. O, onsuz da yenə öz bildiyi kimi yaşayacaq. Çox desən, sənin acığına, əksini edəcək. Mənim bayağı oxuyanlara ancaq tövsiyələrim ola bilər. Hər bir müğənni elə yaşamalıdır ki, həyatda iz qoysun. Mahnı elə olmalıdır ki, özünə ləzzət etsin, biləsən ki, 5 il sonra da onu oxuyacaqlar, səni o mahnı ilə sevəcəklər. Bu, çox vacibdir. Mən başa düşürəm ki, çoxu pula görə bunu edir, amma bayağı ifalarla birgə bir dənə də bəstəkar mahnısı olmalıdır. Bu, həyatdır, sabah qocalanda çıxıb deyə bilsinlər ki, vaxtilə filan mahnını oxumuşam, məni seviblər.
Türkiyəli müğənnilərə fikir verin, hər birinin “kod mahnılar”ı var, hansı ki, onunla seviliblər və hər hansı yerə gedəndə ilk onu ifa edirlər. Mən heç kəsə demirəm ki, mənim yanıma gəlin, mahnı alın, oxuyun. Xeyr! Özləri bilərlər. Mən heç kəsə dərs demək fikrində deyiləm. Amma çalışın elə şeylər oxuyun ki, sizi onunla tanısınlar və sevsinlər.
“Düşürsən tez-tez yada, demirəm dosta, yada...” Görün neçə il keçib, amma bu sətirlər səslənən kimi hər kəsin yaddaşında canlanır. 90-cı illərdə bəstələdiyim mahnıları bu gün də oxuyurlar, sevilir.
- Uzun illər ərzində çox böyük sənətkarlarla çalışmısınız. Bir bəstəkar üçün ifaçı ilə uyğunluq nə qədər vacibdir?
- Bəstəkar sırf müğənni üçün yazır. Yəni filan əsər filankəs üçün yazılıb, onun səsinə uyğun. Üzeyir Hacıbəyov Bülbül üçün “Koroğlu”nu yazdı. Bu, sırf Bülbül üçün ərsəyə gətirilib. Bu gün də oxuyurlar, amma həmin əsəri Bülbül kimi heç kəs səsləndirə bilməz. Bəstəkar əsəri yazan vaxt kimisə görür, bilir ki, bu əsər onun səsi üçündür.
- Bəs yeni mahnı bəstələyəndə ağlınıza gələn həmin şəxsləri dərhal yığırsınız?
- Bu gün bir müğənniyə çatmaq üçün 5-6 adamın “qəbulu”ndan keçməlisən. Köməkçisi, meneceri, prodüseri... Ona görə mən ümumiyyətlə, heç kəsə artıq zəng etmirəm. Bunu özümə rəva bilmirəm. Bir adamın 3 ədəd köməkçisi olur. İtaliyanın sənətkarları var, ömrünü bu sənətə həsr etmiş insanlar, onlar telefonu özləri açırlar, dnaışırlar. Bülbül telefonu özü götürürdü. Nəbilim...
- Birgə çalışdığınız sənətçilərdən ən tələbkarları kimlər idi?
- Belə bir şəxs olmayıb. Mənim özümün də səsim var, buna şahid də oldunuz. Mən mahnını sənətçiyə öyrədirəm. İlhamə Quliyevanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Flora Kərimovanın, Elmira Rəhimovanın yanında oxumuşam. Yeri gələndə, onlara bəzi şeyləri öyrətmişəm, demişəm ki, filan hissəni filan cür oxu və s. Bu, mənim sənətimdir və mən sənətimi yaxşı bilirəm.
- Bəs hansı sənətçilərlə işləmək sizə çətin olub?
- Çətin deməzdim, həs özünəməxsus olub. Məsələn Elmira Rəhimova çox tələbkar qadın idi. Gözəl səsi vardı, bütün çətin mahnıların öhdəsindən gəlirdi. Zeynəb Xanlarova çox maraqlı, həmçinin savadlı insandır. O, yalnız özünə uyğun mahnılar oxuyurdu, elə-belə heç nə ifa etməzdi, hər adam ona mahnı verə bilməzdi. Özünə və sənətinə qarşı çox tələbkar idi. Şövkət Ələkbərova da çox maraqlı ifaçı idi, onunla işləyəndə mənə dərs deyə-deyə saatlarımız keçirdi, hər dəfə deyirdi ki, filan yeri bir az dəyişə bilərik, filan hissədə daha çox səs axını ola bilər. Onunla 8 mahnını royal arxasında birlikdə ifa etmişik. Flora Kərimovanən da səs diapazonu çox genişdi, 3 oktavası var, həm ananın yerinə, həm uşağın yerinə oxuya bilər, səsi buna imkan verir. Onunla da çox işləmişəm. Birlikdə estrada orkestrında da fəaliyyət göstərmişik. Allah ona can sağlığı versin.
- Mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarındakı ən yaddaqalan mahnıların müəlliflərindən biri sizsiniz. Sizcə onun səsini fərqli edən nə idi? İlhamə Quliyeva mahnı seçimində çox tələbkar idi?
- İlhamə Quliyeva canlı oxumağı sevirdi. Fonoqramı qətiyyən bəyənmirdi. Təbii ki, onunla sözümüz çəp düşürdü, tez-tez dava edirdik. Bəzən küsüb gedirdi, bəzən mən küsürdüm, günlərlə ona zəng vurmurdum. Çox ərköyün idi, amma yaxşı sənətkar idi. Allah ona rəhmət eləsin. Bu gün o, yoxdur və onun yerində yaranan boşluğu hər kəs hiss edir. Gözüm hər yerdə İlhaməni axtarır. Bir də görürdün gecələr zəng vururdu ki, dur gedək yemək yeyək. Getmirəm deyəndə inciyərdi.
- Son günlərində yanında idiniz?
- Ölümündən bir müddət əvvəl mənə zəng vurdu, dedi ki, ATV-də yeni bir veriliş açıblar, tort hazırlatmışam, xahiş edirəm sən də gəl. Mən getmək istəmədim, cavab verdim ki, verilişlərə qatılmıram. Amma sonra razılaşdım. Orada görüşəndə gözümə yaxşı dəymədi, bildirdim ki, sənə nə isə olub. Cavabında söylədi ki, narahat olma, boş ver. İlhamə xanım çox pozitiv adam idi. Əgər onun başına gələn mənim başıma gəlsəydi, fikirdən ürəyim partlayardı. Həmin verilişdə dedi ki, canlı oxuyacağam. Baba Vəziroğlu da orada idi, ona kömək göstərdi, qalxdı və canlı ifa etdi. Həmin verilişdən 3 gün sonra mənə zəng vurub dedi ki, Faiq, gəl işləyək. Mən bilirdim ki, artıq vəziyyət nə yerdədir. Elə üç gün sonra da vəfat etdi. Yeri çox görünür. İlhamə musiqini, sənətini çox sevirdi.
1998-ci ildə onu Kiprə dəvət etmişdim, bizimlə tədbirə getdi, orada 2 saat yarım dayanmadan oxudu. Kiprin prezidenti, deputatlar durub onunla oynadı. Bir həşir çıxardı ki, gəl görəsən... Mən Kiprdən 2003-cü ildə ayrıldım, həmin vaxta qədər mənə deyirdilər ki, hocam, sizin çox gözəl, istedadlı müğənniləriniz var. Onlar İlhamə xanımı unutmamışdılar. Təbii ki, orada olanda da ona çox hörmət edirdilər. “BMW”-lər, otel və s. Mən həmin vaxt başa düşdüm ki, İlhamə böyük ustaddır. Oxumağı çox sevirdi. Populyarlıq, pul boş şeydir, onun üçün əsas olan sənət idi.
O vaxt Gülüstan sarayında konsertdə olduq, Ulu Öndər Heydər Əliyev dedi ki, Faiq, İlhamə, siz nə gözəl musiqilər yaratmısınız. Onun üçün silsilə mahnılar bəstələmişdim, hamısı da bir-birindən gözəl.
Əsmətxanım Rzazadə
Telegram kanalımız