AZ

Dollar Hörmüz boğazının açılması ilə bağlı razılaşma ümidləri fonunda zəifləyib

Bazar ertəsi Asiya ticarət meydançalarında dollar ucuzlaşmağa davam edərək həftəlik minimuma yaxın səviyyəyə düşüb. Qlobal ticarət üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı ümidlər neft qiymətlərinin bir barel üçün 100 dollardan aşağı düşməsinə səbəb olub. Buna baxmayaraq, ABŞ İranla yaxın zamanda razılaşma əldə olunması şansının aşağı olduğunu bildirib.

ABŞ dolları Yapon yeninə nisbətdə 0,2% azalaraq 158,9 yen səviyyəsinə düşüb. Avro isə əksinə, 0,3% möhkəmlənərək 1,1636 dollara çatıb. Britaniya funtu da 0,3% artaraq 1,3476 dollar olub.

Bayramlarla əlaqədar bir çox qlobal bazarların bağlı olması regionda likvidliyi azaldıb.

Avstraliya dolları 0,5% möhkəmlənərək 0,7162 dollara, Yeni Zelandiya dolları isə 0,4% artaraq 0,5869 dollara yüksəlib.

“Westpac” analitikləri bildiriblər ki, Sidneydə ticarətin başlanğıcı dolların genişmiqyaslı satışını nümayiş etdirib və bu da Avstraliya dolları kimi daha riskli valyutaların möhkəmlənməsinə kömək edib.

ABŞ dollarının altı valyutadan ibarət səbətə qarşı gücünü göstərən dollar indeksi 0,1% azalaraq gün ərzində 98,95 səviyyəsinə enib. Bu, mayın 18-dən bəri ən aşağı göstəricidir.

Sülh razılaşması ümidləri fonunda neft qiymətləri də kəskin düşüb. Brent markalı neftin qiyməti 5,4% azalaraq bir barel üçün 97,91 dollara enib. ABŞ-ın WTI markalı nefti isə 5,7% ucuzlaşaraq 91,10 dollar olub.

Həftəsonu mümkün sülh sazişi ilə bağlı ziddiyyətli siqnallar ortaya çıxıb. Donald Tramp şənbə günü sosial şəbəkələrdə İranla saziş üzrə memorandumun “əsasən razılaşdırıldığını” bildirib. Lakin bazar günü Truth Social platformasında o qeyd edib ki, Hörmüz boğazında İran gəmilərinə tətbiq olunan blokada saziş imzalanana qədər qüvvədə qalacaq. İran isə hələlik rəsmi cavab verməyib.

Bazarlarda sazişin əldə olunacağı ilə bağlı ehtiyatlı nikbinlik qorunub saxlanılır. Bitcoin 0,5% bahalaşaraq 76 961,76 dollara yüksəlib, Ethereum isə 2 091,65 dollar səviyyəsində qalıb.

Seçilən
23
banker.az

1Mənbələr