ain.az, Sherg.az portalına istinadən məlumat verir.
"Azərbaycanımızın hər il daha da inkişaf edərək, güclənərək əbədi yaşamasını arzulayıram"
28 May Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi yer tutan, milli iradənin və azadlıq düşüncəsinin təntənəsini ifadə edən əlamətdar gündür. Bu tarix yalnız bir dövlətin yaranmasını deyil, həm də xalqın müstəqillik arzularının gerçəkləşməsini simvolizə edir.
Azərbaycan xalqı əsrlər boyu qoruyub yaşatdığı dövlətçilik ənənələrini bu mühüm tarixi mərhələdə yeni siyasi mərhələyə daşıyaraq müasir dövlət quruculuğunun əsasını formalaşdırdı. Bu siyasi irs müasir Azərbaycanın dövlətçilik təfəkkürünün əsas dayaqlarından birinə çevrildi. Bu gün də Azərbaycan regionun güclənən və nüfuzu artan dövlətlərindən biri kimi diqqət çəkir.
Türkiyə Milli Təhsil Akademiyasının müəllimi, tarixçi Prof. Dr. Refik Turan Sherg.az-a bildirib ki, Azərbaycan Demokratik Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik respublikası olması baxımından böyük tarixi əhəmiyyətə malikdir:
"Cümhuriyyət Azərbaycan dövlətçiliyinin gələcəyinin formalaşmasında mühüm dönüş nöqtəsi oldu. Qısa müddət fəaliyyət göstərməsinə və mövcud çətin şərtlərə baxmayaraq, təhsil, dil, mədəniyyət və tarix sahələrində mühüm milli siyasətlər həyata keçirildi.
Azərbaycan getdikcə Qafqaz bölgəsinin parlayan ulduzuna çevrilir. Bunu məmnuniyyətlə izləyirik. Bu vəziyyətdə, keçmişdən bəri təhsilə böyük önəm verməsinin, daha yaxşı yetişmiş əhaliyə, güclü insan kapitalına sahib olmasının və əlbəttə, neft və qaz kimi təbii sərvətlərə malik olmasının təsiri vardır. Lakin bu resurslar yalnız ağıllı, düzgün və real siyasəti ön plana çıxaran yanaşmalarla faydalı şəkildə istifadə oluna bilər. Hazırda Azərbaycanı idarə edən komanda bu məsələlərdə uğurlu idarəçilik nümayiş etdirir".
Tarixçi başda Türkiyə olmaqla Azərbaycanın digər türk respublikaları ilə qardaşlıq və əməkdaşlıq siyasəti yürütdüyünü qeyd edib:
"Azərbaycan Ermənistan ilə konstruktiv münasibətlər quraraq Qafqazda sülh və əməkdaşlıq mühiti yaratmağa çalışır. Rəsmi Bakı Rusiya, ABŞ və İran kimi aktorlar arasında milli maraqları ön planda tutur. Bütün bunlar balanslı xarici siyasətin uğurla davam etdirildiyini göstərir. İnşallah, izlənən bu ağıllı siyasətlərlə Azərbaycan hər keçən gün bütün sahələrdə daha da inkişaf edəcək və irəliləyəcək".
Professor azərbaycanlı qardaşlarının bu mühüm bayramını ürəkdən təbrik etdiyini vurğulayıb:
"Azərbaycanımızın hər il daha da inkişaf edərək, güclənərək əbədi yaşamasını arzulayıram.
Azərbaycan dövlətçilik ənənəsinin mühüm təməl daşını təşkil edən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularını, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla bütün müsavatçıları rəhmət, hörmət və ehtiramla yad edirəm. “Bir kərə yüksələn bayraq bir daha enməz".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.