AZ

“Azərbaycanda qonaqlara münasibət mətbəxdən də hiss olunur” Kolumbiyalı voleybolçunun ə MÜSAHİBƏSİ

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ötən mövsüm Azərbaycanın qadın voleybol klubları maraqlı transferləri ilə yadda qaldı. Onlardan bəziləri Latın Amerikasından olan oyunçularla heyətini gücləndirdi və bu seçim tam mənada özünü doğrultdu. Məsələn, kolumbiyalı Melissa Rangel “Gəncə”nin bürünc medal qazanmasına kömək etdi.

Mərkəz blokçusu İdman.Biz-ə müsahibəsində Yüksək Liqadakı çıxışı barədə təəssüratlarını bölüşüb.

- Melissa, ötən mövsümü necə qiymətləndirirsiniz? Həm yeni komandaya, həm də sizə tanış olmayan çempionata uyğunlaşmaq nə dərəcədə çətin oldu?

- Mənim üçün bu, çox maraqlı və vacib mövsüm oldu. Əvvəldə asan deyildi – fərqli ölkə, başqa voleybol üslubu, yeni komanda yoldaşları. Amma “Gəncə”də məni çox səmimi qarşıladılar və buna görə uyğunlaşma gözlədiyimdən daha sürətli keçdi. Hər oyundan sonra özümü daha inamlı hiss edirdim və düşünürəm ki, yaxşı çıxış etdik.

- Komandaya müntəzəm mövsümdə bəzən sabitlik çatmırdı. Amma pley-offda klub tam fərqli təsir bağışladı, yarımfinalda son çempion “Turan”a uduzdu, bürünc medal oyununda isə Milli Aviasiya Akademiyasına qalib gəldi. Demək olar ki, nəticə oyunun məntiqinə uyğun oldu?

- Düşünürəm ki, bəli. Bəzi məqamlarda təcrübə çatışmırdı, amma ən vacibi kollektivin inkişaf etməsi idi. Pley-off isə əslində nəyə qadir olduğumuzu göstərdi. Komanda xarakter nümayiş etdirdi, daha inamlı və daha təşkilatlanmış oynadı. Bürünc medallar qürur duya biləcəyimiz yaxşı nəticədir.

- Çempionatın ən yaxşı blokçusu adına layiq görülməyiniz sizdə qürur hissi yaradır?

- Əslində bu, böyük şərəfdir. İstənilən fərdi nailiyyət əməyinin qiymətləndirilməsi deməkdir. Amma voleybolda hər şey komandadan asılıdır. Yaxşı ötürmə, müdafiə və komanda yoldaşlarının dəstəyi olmadan yüksək səviyyə göstərmək mümkün deyil. Buna görə də bu mükafatı bütün klubun və məşqçilər heyətinin uğuru hesab edirəm.

- Siz İspaniya, Peru, Portuqaliya və Braziliyada çıxış etmisiniz. Sizcə, Azərbaycan çempionatının əsas fərqi nədir?

- Hər liqanın öz üslubu var. Braziliyada voleybol çox sürətli və emosionaldır, Avropada isə taktika daha ön plandadır. Azərbaycan çempionatı mənə kifayət qədər rəqabətli göründü və burada fiziki hazırlıq əsas rol oynayır. Burada çoxlu təcrübəli legionerlər və yaxşı yerli oyunçular var. Düşünürəm ki, turnirin səviyyəsi daha da yüksələcək. Belə atmosferdə oynamaq mənim üçün maraqlı idi.

- Yəqin ki, Azərbaycan mətbəxini də kəşf etmisiniz. Hansı yeməkləri dadmısınız?

- Əlbəttə, başqa cür necə ola bilərdi ki?! Plov, dolma və kababı çox bəyəndim. Çay isə tamam ayrı bir mədəniyyətdir. Burada insanlar çox qonaqpərvərdirlər və qonaqlara münasibət mətbəxdən də hiss olunur.

- Siz həm də Kolumbiya millisinin liderlərindən birisiniz. Hazırda yığma hansı hədəflərə hazırlaşır?

- Hazırda beynəlxalq turnirlərə və təsnifat yarışlarına fokuslanmışıq. Kolumbiya millisinin böyük ambisiyaları var və biz komanda kimi inkişaf etməyə davam etmək, dünyanın ən güclü yığmaları ilə layiqli rəqabət aparmaq istəyirik.

- Karyeranızı harada davam etdirəcəksiniz? “Gəncə”də qalacaqsınız, yoxsa yeni çağırışı qəbul edəcəksiniz?

- Hələ bu barədə danışmaq tezdir. Hazırda müxtəlif variantları nəzərdən keçirirəm və agentimlə gələcəyimi müzakirə edirəm. Amma deyə bilərəm ki, Azərbaycanda və “Gəncə”də olmaq mənim çox xoşuma gəldi. Bu mövsüm məndə yalnız yaxşı xatirələr buraxdı.

Zəki Feyzullayev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr