Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi verdiyi açıqlamada Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri olan Rusiya və Ermənistanın dost münasibətlərini davam etdirdiyini və ikitərəfli dialoqu qoruduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Peskov keçirdiyi brifinqdə deyib:
“Dialoqumuzu davam etdiririk. Erməni dostlarımızla münasibətlərimizi saxlayırıq və bunu gələcəkdə də davam etdirəcəyik”.
Moskva ilə İrəvanın hələ də dost olub-olmaması ilə bağlı suala cavab verən Peskov “Tamamilə” ifadəsini işlədib.
O vurğulayıb ki, Ermənistanla birlikdə regionda ən inkişaf etmiş inteqrasiya proseslərindən birinin iştirakçısıdırlar:
“Biz bilirik ki, Ermənistanda Rusiyanın inkişaf istiqamətini tam dəstəkləyən və Rusiyanın iştirakı ilə inteqrasiya proseslərinin daha da dərinləşdirilməsinə yönələn siyasi qüvvələr mövcuddur.
Əlbəttə, bu yanaşma bizi ruhlandırır və biz bunu gizlətmirik”.