ain.az bildirir, Cebheinfo portalına istinadən.
Boliviyada Prezident Rodrigo Pas hökumətinin istefası tələbi ilə üç həftədir davam edən etiraz aksiyaları daha da genişlənib.
Etirazçı fəhlə və kəndlilər ölkənin 9 inzibati bölgəsində ümumilikdə 59 nöqtədə barrikadalar quraraq yolları bağlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, Boliviya Avtomobil Yolları İdarəsinin (ABC) yaydığı yenilənmiş yol xəritəsinə əsasən, And bölgəsində yerləşən La-Pas, Oruro və Potosi, eləcə də mərkəzi bölgələrdəki Çukisaka və Koçabamba, həmçinin şərqdəki Santa-Kruz şəhərlərində nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.
Bu arada təhlükəsizlik qüvvələrinin “Ağ bayraqlı humanitar dəhliz” adlı əməliyyat çərçivəsində La-Pas ilə Oruro arasındakı 227 kilometrlik magistralı açmaq cəhdi etirazçıların müqaviməti ilə qarşılaşıb. Bildirilir ki, aksiya iştirakçıları polisə dinamit və sapandlarla cavab veriblər.
İctimai İşlər naziri Maurisio Zamora açıqlamasında bildirib ki, etirazçıların konvoya dinamit və daşlarla hücum etməsi səbəbindən əməliyyat yarımçıq dayandırılıb:
“Əleyhimə təşkil edilən üçüncü pusudan sonra hazırda La-Pasdəyəm. Keçə bildik və səhər saat 02:00 radələrində şəhərə çatdıq”.
Prezident Rodrigo Pas isə açıqlamasında böhranın dialoq yolu ilə həllini istədiyini desə də, lazım gələrsə konstitusiyanın ona verdiyi fövqəladə vəziyyət elan etmək səlahiyyətindən istifadə edə biləcəyini bildirib.
Boliviyanın keçmiş prezidenti Evo Morales hökuməti böhrandan çıxmaq üçün 90 gün ərzində növbədənkənar seçki keçirməyə çağırıb:
“Hökumət ya təzyiqləri artıracaq, ya da ölkəni sakitləşdirmək üçün keçid prosesinə başlayaraq 90 gün ərzində seçkiyə gedəcək. Rodrigo Pas təsadüf nəticəsində prezident olub, onun nə siyasi proqramı, nə də dayanıqlı siyasi strukturu var. Ölüm və yaralanmaların qarşısını almaq üçün keçid hökuməti qurulmalıdır”.
Boliviyada son 40 ilin ən ağır iqtisadi böhranına qarşı keçirilən etiraz aksiyaları artıq üçüncü həftəsini geridə qoyub. Prezident Pasın istefasını tələb edən fəhlə və kəndlilər başda inzibati paytaxt La-Pas olmaqla bir çox şəhərdə təhlükəsizlik qüvvələri ilə toqquşublar.
Hökumətin istefasını tələb edən etirazçılara qarşı əməliyyatlar zamanı saxlanılanların sayının 120-yə çatdığı bildirilib.
Pas hökuməti isə baş verən hadisələrə görə haqqında həbs qərarı çıxarılan keçmiş prezident Evo Moralesin tərəfdarlarını məsul tutur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.