Avropa İttifaqı (Aİ) rəsmiləri Böyük Britaniyanın "Brexit" qərarından imtina edəcəyi təqdirdə, ittifaq qanunvericiliyinə uyğunluğu səbəbindən digər namizədlərdən fərqli olaraq növbədənkənar və çox sürətlə üzvlüyə qəbul edilə biləcəyini açıqlayıblar. Bu müzakirələr İşçi Partiyasından sabiq səhiyyə naziri Ves Stritinqin ölkənin yenidən Aİ-yə qoşulmalı olduğunu bəyan etməsindən sonra yenidən gündəmə gəlib.
“The İndependent” nəşrinin yaydığı məlumata görə, Aİ rəsmisi Sandro Qozi Britaniyanın geri qayıtmasını "Avropa layihəsinin qələbəsi" adlandırıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də daha əvvəl "Brexit"i səhv adlandıraraq gələcək nəsillərin bunu düzəldəcəyinə inandığını bildirib. S.Qozi qeyd edib ki, London əvvəlki xüsusi imtiyazlarından imtina etməli və Avro valyutasına keçməlidir. Lakin iqtisadi kriteriyaların sərtliyi və ölkədəki bəzi partiyaların kəskin etirazı avro şərtini ciddi mübahisə mövzusuna çevirir. Bununla belə, Danimarka və İsveç kimi avrodan istifadə etməyən digər Aİ ölkələrinin təcrübəsi danışıqlarda müəyyən bir çevikliyin ola biləcəyinə işarə edir.
"YouGov"un rəy sorğularına əsasən, Britaniya əhalisinin 63 faizi Aİ ilə sıx əlaqələr istəyir, 55 faizi isə geri qayıtmağın tərəfdarıdır.
Hazırda Böyük Britaniyadan rəsmi bir müraciət daxil olmadığı üçün Aİ daxilində bu mövzuda rəsmi danışıqlar aparılmır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”