AZ

Lautaro Martines – A Seriyasının ən sərrast qolçusu! – ARENA.AZ

“İnter”in kapitanı, argentinalı hücumçu Lautaro Martines İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün bombardiri olub.

Arena.az xəbər verir ki, Martines rəqiblərinin qapılarını 17 dəfə dəqiq nişan alıb.

Milan təmsilçisi ilə bu mövsüm A Seriyasının qalib olan argentinalı hücumçu çempionatda iştirak etdiyi 30 oyunda 17 qol vurmaqla yanaşı, 6 məhsuldar ötürmə də verib.

Qeyd edək ki, Lautaro bombardir olmaqla yanaşı, A Seriyasında geridə qalmış mövsümün ən yaxşı hücumçusu da elan edilib.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 41 oyuna çıxıb, 22 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 376 oyun, 175 qol, 56 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 3 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 75 oyuna çıxıb, 36 qol vurub, 11 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
2
5
arena.az

10Mənbələr