AZ

Bu yay da qiymətlər “od tutub yanacaq” – Tətilə hazırlaşanlar...

Yay mövsümü hər il bölgələrdə həm turizm axınının artdığı, həm də istirahət xidmətlərinə tələbatın yüksəldiyi dövr kimi seçilir. Xüsusilə dağlıq və dənizkənarı ərazilərdə hotellər, istirahət mərkəzləri və kirayə evlər daha çox ziyarətçi qəbul etdikcə qiymətlərdə də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.

Bu vəziyyət isə həm yerli turistlər, həm də xidmət sahibləri arasında müxtəlif müzakirələrə səbəb olur. Artan tələbat, məhdud yerlər və mövsümi biznes davranışları yay qiymətlərinin formalaşmasında əsas rol oynayır.

Maraqlıdır, yay mövsümündə bölgələrdə hotel və istirahət qiymətlərinin kəskin artmasının əsas səbəbi nədir? Hazırda hotellərin qiyməti neçədən başlayır?

Qurban bayramı ərəfəsində də bölgə hotellərində qiymətlər və yerlə bağlı vəziyyət diqqət çəkir. Musavat.com əməkdaşı bir neçə tanınmış hotellə əlaqə saxlayaraq bayram günlərində istirahət paketlərinin qiymətləri ilə maraqlanıb. Hesablamanı 2 böyük və 2 uşaqdan ibarət ailənin hotellərdə 3 gecə qalması əsasında apardıq.

Əksər hotellərdə qiymətlərə səhər yeməyi daxil olsa da, təklif olunan məbləğlərin kifayət qədər yüksək olduğu müşahidə edilib. Aparılan araşdırma zamanı “Wellbeing Resort Hotel” tərəfindən 2 böyük və 2 uşaq üçün 3 günlük istirahət paketinə 1800 manat qiymət təklif edildiyi bildirilib.

Qalaaltı Hotel & Spa ilə bağlı isə hotellin hələ fəaliyyətə başlamadığı qeyd olunub.

İsmayıllıdakı “Castle” hoteldə qiymətlərin nisbətən münasib olduğu, 3 günlük istirahət üçün 850 manat təklif edildiyi bildirilsə də, boş yer olmadığı qeyd edilib.

“Lankaran Springs Wellness Resort” hotelində isə 2 böyük və 2 uşaq üçün 3 günlük istirahətə 2500 manat qiymət təklif edildiyi qeyd olunub.

Bayram günləri yaxınlaşdıqca bölgə hotellərində həm qiymətlərin yüksəlməsi, həm də boş yerlərin məhdudlaşması daha qabarıq hiss olunur. Yayda, insanların istirahət etmək istədiyi dönəmdə isə qiymətlərin daha yüksək olacağı deyilir...

c

Turizm və hotelçilik üzrə ekspert Cabir Dövlətzadə mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Yüksək turizm mövsümü hesab olunan iyun, iyul və avqust aylarında yerli və xarici turistlərin sayında mövsümi artım müşahidə olunur. Qiymətlərin yüksəlməsində isə tələb və təklif əsas rol oynayır. Bu da azad bazar iqtisadiyyatı üçün normal hal hesab edilir. Bölgələrdə otel qiymətləri təxminən 60 dollardan 400 manata qədər dəyişir. Təbii ki, qiymətlər hotellərin klassifikasiyasına və təqdim etdiyi xidmət səviyyəsinə uyğun formalaşır”.

Ekspertə görə, bu ilin iyun ayından etibarən, xüsusilə qonşu Gürcüstan istiqamətində dəmir yolu reyslərinin açılmasından sonra müəyyən artım gözlənilir: “Bunun həm bölgələrdəki hotellərə, həm də paytaxtdakı hotellərə müəyyən təsiri olacaq. Hər il olduğu kimi, bu il də yay mövsümündə turizm axınının artacağını müşahidə edəcəyik. Bu isə ümumilikdə bazar iqtisadiyyatına da təsir göstərəcək”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr