AZ

“Ermənistanda öz kiçik artsaxımızı yaradaq” – Karapetyan Qarabağ erməniləri ilə görüşdü, Paşinyana qarşı seçki cəbhəsi genişlənir

Ermənistanda Paşinyan hakimiyyətinə qarşı revanşist və Rusiya yönlü siyasi düşərgənin fəallaşdığı müşahidə olunur.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan Qarabağdan köçmüş bir qrup erməni ilə görüş keçirib və burada diqqətçəkən mesajlar səsləndirib.

Karapetyan çıxışı zamanı “artsax mədəniyyətinin” qorunmasının vacibliyini vurğulayıb və Qarabağ ermənilərinin Ermənistanda “layiqli şəraitdə” yaşaması üçün addımlar atılmasının zəruri olduğunu bildirib. O, hətta “Ermənistanda öz kiçik artsaxımızı yaradaq” kimi qalmaqallı ifadə işlədib.

Karapetyan qeyd edib ki, parlament seçkilərində qələbə qazanacağı təqdirdə, Azərbaycanda saxlanılan ermənilərin qaytarılması məsələsini prioritetə çevirəcək.

“Bakının həbsxanasında mənim dostlarım var və onların geri qaytarılması prioritet məsələ olmalıdır”, - deyə o bildirib.

Görüşdə qondarma qurumun keçmiş “dövlət naziri” Artak Beglaryan, keçmiş “parlament sədri” Aşot Qulyan və müxtəlif ictimai təşkilatların nümayəndələri də iştirak ediblər.

Musavat.com yazarının fikrincə, bu tip görüşlər təsadüfi deyil və Ermənistanda Paşinyana qarşı formalaşan revanşist cəbhənin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə Kremlin təsiri altında olduğu deyilən siyasi və iqtisadi qruplar Qarabağ ermənilərinin sosial narazılığından istifadə etməklə Paşinyan hakimiyyətini və seçki kampaniyasını təzyiq altında saxlamağa çalışırlar.

Samvel Karapetyan Rusiya ilə yaxın əlaqələri olan, birbaşa Kremldən təqdimat alan fiqurlardan biridir. Ermənistanın sabiq prezidenti Robert Köçəryan da Paşinyana qarşı eyni siyasi düşərgədə yer alır və hazırda hər iki fiqur 7 iyun parlament seçkiləri öncəsi Paşinyana qarşı siyasi blok formalaşdırmağa çalışır.

Ermənistanda seçki kampaniyası artıq faktiki olaraq iki xətt üzrə bölünüb. Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə normallaşma, sülh müqaviləsi və “Qarabağ hərəkatı bitdi” tezisləri üzərindən kampaniya aparır. O, revanşist ritorikanın Ermənistanı yenidən məhvə sürükləyəcəyini açıq şəkildə bildirir və Qarabağ ermənilərinin Ermənistanda yaşamalı olduğunu vurğulayır.

Paşinyanın rəqibləri – Robert Köçəryan və Samvel Karapetyan isə əks istiqamətdə hərəkət edir. Onlar seçki kampaniyasında Qarabağ mövzusunu emosional siyasi alətə çevirməyə, revanşist hissləri diri saxlamağa və Paşinyanı “təslimçi” obrazında təqdim etməyə çalışırlar.

Bununla belə, diqqətçəkən məqam odur ki, hətta bu revanşist düşərgə də artıq açıq şəkildə “Qarabağı geri qaytaracağıq” kimi şüarlar səsləndirmir. Çünki Ermənistan cəmiyyətində də, Rusiyayönümlü qüvvələrdə də Azərbaycanın hərbi-siyasi üstünlüyü reallıq kimi qəbul olunur və “böyük Ermənistan” ritorikasının əvvəlki təsir gücü qalmayıb.

Musavat.com yazarının fikrincə, Karapetyan və Köçəryanın əsas məqsədi seçkidə mütləq hakimiyyətə gəlməkdən daha çox, Paşinyanı zəiflətməkdir. Onlar çalışırlar ki, Paşinyan parlamentdə kritik çoxluğu əldə edə bilməsin və nəticədə koalisiya hökumətinə məcbur olsun. Bu isə revanşist qüvvələrin gələcəkdə hakimiyyət daxilində təsir imkanlarını genişləndirə bilər.

Digər tərəfdən, artıq mövcud olmayan separatçı rejimin ideoloji bazasını yaşatmağa çalışmaq, “artsax” anlayışını siyasi gündəmdə saxlamaq həm beynəlxalq hüquqa, həm də Azərbaycan-Ermənistan sülh prosesinə açıq zərbə kimi qiymətləndirilir.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də son dövrlər bu cür çağırışlara qarşı daha sərt mövqe nümayiş etdirməyə başlayıb. Çünki İrəvanda artıq anlayırlar ki, separatçı miflərin yenidən dirçəldilməsi Ermənistanın regionda təcridini daha da dərinləşdirə və sülh prosesini təhlükə altına sala bilər.

 

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr