AZ

Kimlər qurban kəsə bilər? – “1 yaşdan yuxarı…”

Qurban bayramı yaxınlaşdıqca bir çoxlarının zehhnində həmişəki suallar dolaşır: borcla heyvan almaq olar, yaxud maddi imkan yoxdursa, nə etməli?.

“Qurban ibadətinin kimlərə vacib olması məsələsinə İslam hüququ baxımından yanaşdıqda, bu ibadət əsas etibarilə maddi imkana malik olan müsəlmanlara aiddir”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a ilahiyyatçı Ağa Hacıbəyli bildirib:

“Həcc ziyarəti zamanı Minada yerinə yetirilən qurban ibadəti həmin ibadətin bir hissəsi kimi qəbul olunur və bu, yalnız Həcc əməlini icra edən zəvvarlara şamil edilir. Həccə getmək imkanı olmayan şəxslər isə yaşadıqları ölkələrdə, şəhər və kəndlərdə imkanları daxilində qurban ibadətini yerinə yetirirlər.

İlahiyyat qaydalarına görə, qurban kəsmək borcu olmayan, zəruri ehtiyaclarını qarşılayıb nisab miqdarında mala sahib olan müsəlmanlara vacib və ya güclü sünnə sayılır. Borclu şəxslər isə ilk növbədə mövcud borclarını ödəməli, bundan sonra imkanları qalarsa qurban ibadətini yerinə yetirməlidirlər.

Eyni zamanda, qısa müddət ərzində maliyyə vəsaitinin əldə olunacağı dəqiq bilinən hallar istisna olmaqla, borc götürərək qurban kəsmək şəri baxımdan tövsiyə edilmir. Çünki qurban ibadəti yalnız real maddi imkan daxilində icra olunan bir ibadətdir.

Ümumilikdə qurbanın mahiyyəti yalnız ibadət deyil, həm də sosial məsuliyyət və həmrəylik prinsipinə əsaslanır. Kəsilən qurban ətinin ehtiyac sahibləri ilə paylaşılması İslamın sosial ədalət anlayışının mühüm tərkib hissəsi kimi dəyərləndirilir”.

İlahiyyatçı Hacı Fuad Nurullayev isə qurban kəsmənin əsas mahiyyətinin insanın Allaha yaxınlaşması olduğunu bildirib:

“Bayramı yaxınlaşır və bu ibadət barədə düzgün anlaşılmayan məqamlar var. “Qurban” sözünün özü “Allaha yaxınlaşma” mənasını verir. Yəni insan etdiyi əməl ilə Allah-Təalaya yaxınlaşmağa niyyət edir və bu, savab bir ibadətdir.

Qurban bayramında kəsilən qurban “İsmail qurbanı” kimi anılsa da, bu ibadət ümumilikdə vacib deyil, müstəhəb əməllərdəndir. Yəni bunu edən savab qazanır, etməyən isə günaha düşmür. Bu ibadət yalnız Məkkədə həcc ziyarətində olan zəvvarlar üçün xüsusi hökm daşıyır və orada olanlar üçün vacib sayılır. Amma vətəndə yaşayan müsəlmanlar üçün qurban kəsmək vacib deyil, imkanı olanlar üçün savab və tövsiyə olunan bir əməldir.

Qurban kəsmək məsələsində insanların maddi vəziyyəti nəzərə alınmalıdır. Əgər bir insan ailəsinin gündəlik ehtiyaclarını qarşılamaq üçün borc alırsa, ərzaq və əsas xərclərini güclə təmin edirsə, onun üzərinə qurban kəsmək vacib deyil. Amma maddi cəhətdən imkanı yerində olan insanlar bu ibadəti yerinə yetirsələr, Allah yanında böyük savab qazanmış olarlar”.

Fuad Nurullayev qurbanlıq heyvanlarla bağlı yaş tələblərinə də aydınlıq gətirib:

“Xırdabuynuzlu heyvanların ən azı 6 ayını tamamlaması, iribuynuzlu heyvanların 1 yaşdan yuxarı olması, dəvənin isə 5 yaşını tamamlaması tələb olunur. Bu şərtlər qurban ibadətinin düzgün icrası üçün əsasdır.

Qurban ətinin bölünməsi də mühüm məsələdir. Ət üç hissəyə bölünür: bir hissəsi ailənin istifadəsinə verilir, qalan hissələr isə qohumlara, qonşulara və xüsusilə ehtiyacı olan insanlara paylanır. Bu, qurban ibadətinin sosial mahiyyətini də göstərir”.

İlahiyyatçı Qurban bayramı namazının vacib olmadığını, lakin savab məqsədilə qılındığını qeyd edib:

“İmkanı olan şəxslər bu namazda iştirak edə bilərlər. Müxtəlif yerlərdə namaz saatları fərqli ola bilər və bu, yerli qaydalara uyğun şəkildə icra olunur.

Ümumilikdə qurban ibadəti insanın həm Allaha yaxınlaşması, həm də sosial məsuliyyətini yerinə yetirməsi baxımından mühüm bir ibadətdir. Allah-Təala bütün ibadətləri qəbul etsin”.

Seçilən
0
2
konkret.az

3Mənbələr