AZ

Azərbaycanda buğda təminatı niyə artmır? - Politoloqdan təhlil

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkənin buğda ilə özünü təminetmə səviyyəsinin cəmi 55 faiz olduğunu bildirib və bu göstəricinin illərdir artmamasından narahatlığını ifadə edib.

Dövlət başçısı qeyd edib ki, aqroparkların yaradılması və kənd təsərrüfatına göstərilən geniş dəstəyə baxmayaraq, daxili buğda istehsalında ciddi irəliləyiş yoxdur. Onun sözlərinə görə, hazırda ölkədə 1 milyon 573 min ton buğda istehsal olunur, 1 milyon 267 min ton isə idxal edilir.

Mövzu ilə bağlı Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, buğda məsələsi Azərbaycan üçün strateji və milli təhlükəsizlik məsələsidir. O vurğulayıb ki, qlobal böhran və müharibələr zamanı enerji resurslarından fərqli olaraq, ərzaq məhsulları xüsusilə də buğda daha kritik əhəmiyyət daşıyır.


Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı dünya bazarında yaranan çətinliklər bir çox ölkələrin ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problemlərlə üzləşdiyini göstərdi. O hesab edir ki, Prezidentin narahatlığının əsas səbəblərindən biri də gələcəkdə mümkün qlobal ərzaq böhranı riskidir.

Turan Rzayev bildirib ki, əsas problemlərdən biri kənd təsərrüfatına marağın azalmasıdır. Onun fikrincə, regionlardan şəhərlərə miqrasiya, kənd təsərrüfatının kifayət qədər gəlir gətirməməsi və həyat standartlarının dəyişməsi bu sahədə insan resurslarının azalmasına səbəb olur.

Ekspert həmçinin qeyd edib ki, dövlət dəstəyi ayrılsa da, həmin vəsaitlərin nə qədər effektiv və şəffaf istifadə olunması ilə bağlı suallar qalır. O, aqrar sahədə ixtisaslı kadr çatışmazlığının da ciddi problem olduğunu vurğulayıb.

Politoloq çıxış yolu kimi Niderland modelini nümunə göstərib. O bildirib ki, bu ölkə kənd təsərrüfatını ənənəvi sahə deyil, texnologiya və elmi araşdırmalar üzərində qurulan strateji sektor kimi inkişaf etdirib. Müasir istixana sistemləri, hidroponika texnologiyası və elmi yanaşma sayəsində Niderland dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından birinə çevrilib.

Turan Rzayev hesab edir ki, Azərbaycan da xarici təcrübədən yararlanmalı, aqrar sahədə beynəlxalq əməkdaşlığı genişləndirməli və müasir aqrar təhsil mərkəzləri yaratmalıdır. Onun sözlərinə görə, Gəncə, Bərdə, Kürdəmir və ya Ağcabədi kimi bölgələrdə beynəlxalq standartlara uyğun aqrar tədqiqat mərkəzlərinin qurulması gələcək inkişaf üçün mühüm addım ola bilər.

Seçilən
13
news365.az

1Mənbələr