Xalq qazeti saytına istinadən ain.az xəbər verir.
Mayın 25-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünyaşöhrətli azərbaycanlı cərrah, Türk dünyasının görkəmli alimi və ictimai xadimi, professor Cavad Heyətin xatirəsinə həsr olunmuş ədəbi məclis keçirilib.
Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov mərasimi giriş sözü ilə açaraq Cavad Heyətin türkologiya, tibb elmi və digər sahələrdə əvəzsiz xidmətlərindən bəhs edib. O, alimin çoxşaxəli yaradıcılığı, onun ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatları barədə ətraflı məlumat verib. Bildirib ki, Cavad Heyətin zəngin və səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor, eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur.
Akademik Rafael Hüseynov ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyevin dünyaşöhrətli alimlə olan görüşlərindən danışıb, Cavad Heyətin ikisi fars və beşi də türk dilində olan yeddicildlik türkologiya kitabının müəllifi olduğunu diqqətə çatdırıb.
Ədəbi məclisin fəxri qonaqları – akademik Nizami Cəfərov, tarix elmləri doktoru Eynulla Mədətli, filologiya elmləri doktoru Esmira Fuad, professor Tofiq Məlikli, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, 1945-ci ildə Güney Azərbaycanda müstəqillik uğrunda vuruşan fədailərdə biri olmuş Firudin İbrahiminin qardaşı oğlu hüquqşünas Firudin İbrahimi, tanınmış heykəltaraş, Xalq rəssamı Natiq Əliyev, mərhum professorun ailə dostu və köməkçisi olmuş Baxşəli Zülfi Cavad Heyətin şərəfli ömür yolundan, zəngin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Ədəbiyyat Muzeyinin ekspozisiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı və muzeyin Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva professor Cavad Heyətin bir neçə dəfə muzeyi ziyarət etdiyini bildirib, alimin muzeydə sərgilənən şəxsi əşyaları və arxiv materiallarından bəhs edib, “Cavad Heyət və Şəhriyar: Varlıqdan doğan mənəvi körpü” mövzusu ətrafında təhlil və araşdırmaları diqqətə çatdırıblar.
Q.YUSİFOĞLUXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.