AZ

“Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır“ - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”, - dövlət başçısı qeyd edib.

Azərbaycan üçün buğda məsələsi milli təhlükəsizlik məsələsidir. Çünki, buğda strateji məhsuldur. Xüsusilə qida təhlükəsizliyi baxımından bir ölkənin vətəndaşının ən mühüm və təməl ehtiyaclarındandır. Bu mənada dövlətin bu ehtiyacı qarşılaması prioritet məsələdir.

Müqayisə üçün deyim ki, Neft və qaz da strateji məhsullar sayılır. Ölkəmiz nəinki bu iki məhsula görə xaricdən aslı deyil əksinə satışında böyük qazanc əldə edir. Lakin bir reallıq var ki, dövlət enerji ixrac edə bilər, valyuta qazana bilər, amma qlobal böhran anında bazarda buğda tapılmazsa və ya qiymətlər kəskin yüksələrsə, pul hər problemi həll etmir. Bunu bütün dünya Rusiya-Ukrayna müharibəsinin ilk ilində ən acı şəkildə gördü. Enerji böhranını ölkələr alternativ ölkələr ilə kompensasiya etsə də, hər iki ölkənin dünyanın aparıcı buğda ixracatçısı olması səbəbindən bir çox ölkələr ixrac məhdudiyyətləri tətbiq etdi, logistika pozuldu, qiymətlər artdı. Hesab edirəm Prezidentin narahatlığının bir səbəbi budur.

55 faiz səviyyəsində özümüzü buğda ilə təmin etməyimiz bizi xaricdən asılı etmir, amma problem ondadır ki, əhali artır, istehlak artır, iqlim dəyişiklikləri dərinləşir, su problemi böyüyür. Belə şəraitdə daxili istehsal yerində sayırsa, gələcəkdə asılılıq kritik həddə çata bilər. Dövlət bu sahədə böyük subsidiyalar ayırır, aqroparklar yaradır, texnika və infrastruktur dəstəyi verir. Amma buna rəğmən illərdir nəticə dəyişmir.

Məsələ resurs problemi deyil. Misal üçün Prezident aqroparkların rolunu müsbət qiymətləndirsə də, nəticənin dəyişmədiyini açıq şəkildə etiraf edir. Bu onu göstərir ki, indiki model gözlənilən effekti vermir.

Hesab edirəm Prezidentin aktuallaşdırdığı bu məsələ üzərində ciddi düşünülməli, təkliflər verilməlidir. Birinci növbədə problemlər aşkarlanmalıdır. Misal üçün mənə görə hazırda əsas problem kənd təsərrüfatına dövlət dəstəyi olmasına baxmayaraq bu sahəyə marağın ildən-ilə azalmasıdır. Rayon və kənd əhalisi regionlardan paytaxta axın edir. Bunun əsas səbəbi də heç şübhəsiz həyat standartlarının bahalaşması, şəhər həyatının daha cəlbedici olması və kənd təsərrüfatı sahələrinin vətəndaşa istənilən səviyyədə gəlir verməməsidir.
Dövlət kənd təsərrüfatının inkişafına dəstək ayırsa belə, bu dəstəyin vətəndaşa hansı şəffaflıqda çatması, vətəndaşın bu dəstəyi nə qədər səmərəli istifadə etdiyi təəssüf ki, tam dəqiq deyil.

Mənə görə digər problem ixtisaslı kadrların azlığıdır. Azərbaycanda bu sahədə müvafiq ali təhsil ocaqları və tədris olsa da, gənc nəsil bu sahəyə ya maraq göstərmir, ya da gələcək qayğısı ilə bu sahəni bitirsə də, fərqli sahələrə yönəlir.

Hesab edirəm mövcud metodlar effektiv nəticə vermirsə, dünya təcrübəsinə müraciət etmək lazımdır. Bu sahədə ən uğurlu model Niderlandındır. Belə ki, bu ölkə dünyanın ən kiçik ölkələrindən biri olmasına baxmayaraq hazırda kənd təsərrüfatında qlobal gücə çevrilib. Ən maraqlısı isə budur ki, torpaq sahəsi və əhali baxımından nəhəng olmayan bu ölkə ABŞ-dan sonra dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından biridir. Müqayisə üçün deyim ki, Azərbaycan həm ərazi,
həm əhali, həm də resurs baxımından Niderlanddan çox daha böyük potensiala sahibdir.

Hesab edirəm əsas fərq düşüncədədir. Belə ki, Azərbaycan başda olmaqla bir çox ölkədə kənd təsərrüfatı ənənəvi sahə kimi qəbul olunur. Niderland isə kənd təsərrüfatına “əkin-biçin” kimi yox, elmi araşdırmaların aparıldığı, yeni texnologiyaların tətbiq edildiyi bir sahə kimi baxır. Məsələn, bu ölkənin fermeri sadəcə torpağa toxum atan adam deyil. O, eyni zamanda məlumat analitiki, texnologiya istifadəçisi və biznes idarəçisidir. Hətta bir çox istixanada kompüter sistemi havadakı rütubəti, torpağın kimyəvi balansını, günəş işığını və su miqdarını avtomatik idarə edir.

Niderland modeli “daha az resursla daha çox məhsul” fəlsəfəsinə əsaslanır. Hətta “hidroponika” deyilən bir sistemləri var. Bu sistem həm suya qənaət edir, həm də məhsuldarlığı artırır. Bəzi təsərrüfatlar ənənəvi üsullarla müqayisədə 90 faiz daha az su istifadə edir.

Hesab edirəm Niderland modelinin bu qədər uğurlu olmasının əsas sirri təhsildir. "Vaqeningen Universiteti və Tədqiqat Mərkəzi" dünyada kənd təsərrüfatı və aqrar elmlər sahəsində ən güclü elmi mərkəzlərdən biri hesab olunur. Hətta dünyada bu sahədə magistratura təhsili verən, elm xadimləri yetişdirən nadir müəssisələrdəndir.

Əlbəttə, bütün bunları deməkdə məqsədim Niderlandı ucaltmaq deyil. Bu sahədəki problemlər məlumdur. Problemlərdən çıxış yolu kimi ilk növbədə Niderland ilə dövlət səviyyəsində aqrar sahədə təcrübə mübadiləsi aparılmalı, bu və başqa ölkələrə dövlət dəstəyi ilə istedadlı, həvəsli, savadlı kadrlar göndərmək lazımdır. Daha sonra isə bu kadrlar və xarici mütəxəssislərlə birlikdə Gəncə, Bərdə, Kürdəmir, Ağcabədi kimi rayon və şəhərlərin birində Vaqeningen Universiteti və Tədqiqat Mərkəzinə bənzər mərkəz qurmaq lazımdır. Növbəti etapda isə milli kadrlar vasitəsilə fermer və kəndliləri maarifləndirərək dövlət dəstəyi ilə inkişafa nail olmaq olar.

Təcrübə göstərir ki, Prezident İlham Əliyev heç nədən boşuna narahat olmur. Bu gün ola bilər ki, buğda çatışmazlığımız yoxdur, lakin gələcəkdə olmayacaq deyə bir şey də yoxdur. Buna görə də bu, üzərində durulası strateji məsələdir”.

Müəllif: Günay Hacıyeva
Seçilən
0
1
sia.az

2Mənbələr