AZ

Dövlət məşğulluğun əsas təminatçısıdır

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Müasir dövrdə əmək bazarında baş verən dəyişikliklər, iqtisadi və texnoloji yeniliklər işsizlərin sosial müdafiəsinə yönəlib. Sosial təminat sistemi işsiz vətəndaşın ehtiyaclarının qarşılanması, onun əmək bazarına qayıdışını təmin edən mühüm dövlət mexanizmi kimi çıxış edir. Son illər həyata keçirilən islahatlar çərçivəsində işsiz şəxslərin müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə XQ-yə bildirdi:

– “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, “Məşğulluq haqqında” Qanun, İşsizlikdən Sığorta Fondunun fəaliyyətə başlaması məşğulluq proqramlarının əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-2026-cı illərdə fəal məşğulluq tədbirlərinə 2,3 mln. nəfər cəlb edib. Onlardan 872 min nəfər işlə təmin edilib, 59 min nəfər peşə kursuna yönəldilib. Özünüməşğulluq proqramı iştirakçılarının sayı 112 min nəfəri keçib və 2026-cı ildə daha 15 min şəxs bu proqrama qoşulacaq, 1,2 milyon nəfər isə peşəyönümü məsləhət xidmətlərindən faydalanıb.

Qeyd edək ki, 2018-ci ilə nisbətən ötən il işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 51,8 mindən 189 minə, özünüməşğulluq proqramına qoşulanların sayı 2,7 dəfə artaraq 6,3 mindən 16,8 minə, peşə hazırlığına gedənlərin sayı 7,1 dəfə artaraq 2,6 mindən 18,4 minə, peşəyönümü xidmətlərə cəlb edilənlərin illik sayı 3 dəfəyə yaxın artaraq 118,1 mindən 342,7 minə çatıb. Son bir ildə 343 min nəfər əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədli peşəyönümü xidmətlərlə əhatə olunub.

Bununla yanaşı, keçən il paytaxt və bölgələrimizdə gənclərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədilə “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilmiş "PeşəFest” tədbirləri bu il də uğurla davam etdiriləcək. Həmçinin ötən il Bakı və Naxçıvan şəhərlərində ölkəmizdə ilk dəfə olmaqla Gələcəyin Peşələri Sammiti keçirilib. “Gələcəyə tərəf” devizi ilə keçirilmiş bu sammitlərdə əmək bazarında baş verən dəyişikliklər, yeni peşə və bacarıqlarla bağlı tələblər peşəkar mühitdə müzakirə edilib. Bu qəbildən olan tədbirlərimiz mütəmadi olaraq keçirilməkdədir.

Özünüməşğulluq proqramı adından da bəlli olduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünüməşğulluğunun təmin edilməsini ehtiva edir. Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında mühüm rola malik olmaqla, onların kiçik ailə bizneslərini qurmalarına imkan yaradır. Ölkə Prezidentinin bu il yanvar ayında yerli televiziya kanallarına müsahibəsində bildirdiyi kimi, özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini, faktiki olaraq, aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər.

Müsahibimiz qeyd etdi ki, ötən dövrdə 113 mindən çox, o cümlədən son bir ildə 16,8 min nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları yaradılıb. Əsas məqsəd aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və inkişaf etdirmək üçün dəstək göstərməkdən ibarətdir. Bu da, öz növbəsində, dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) həyata keçirilir. Bu cür aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və dəstəklənməsi iqtisadiyyatın inkişafı, əlavə dəyərin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq vərdişlərinin aşılanması və işsizlik səviyyəsinin azaldılmasına imkan yaradır.

Özünüməşğulluq proqramı üzrə davamlı olaraq təkmilləşdirilmə və yenilənmə işləri də aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarını araşdırır, kiçik sahibkarlıq potensialı yüksək olan və əmək bazarında tələb olan biznes ideyaları müəyyənləşdirilir. Hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmətyönümlü 30-dan çox iqtisadi fəaliyyət sahəsi üzrə aktivlər verilir. Eyni zamanda, təklif edilən digər zərflərdə dəyişiklik edilərək daha da təkmilləşdirilib.

Cari ildə İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 8 min, Dünya Bankı layihəsi çərçivəsində 7 min nəfər olmaqla, ümumilikdə, 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Özünüməşğulluq proqramının genişlənməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə icra etdiyi “Məşğulluğa dəstək layihəsi” əhəmiyyətli rola malikdir. Layihə çərçivəsində 26,7 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb. 2025-2029-cu illəri əhatə edəcək 2-ci mərhələ isə 30 min şəxsə şamil olunacaq.

Şəhid ailələri və müharibə iştirakçılarının məşğulluq məsələlərinin həlli sahəsində görülən işləri diqqətə çatdıran sədr müavini vurğuladı ki, möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Dövlət Məşğulluq Agentliyi postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 30 min şəxsin məşğulluğunu təmin edib. Onlardan 13,5 min nəfəri özünüməşğulluq proqramına, 1500 nəfərə qədəri peşə hazırlığı kurslarına cəlb olunub, 15 min nəfəri isə işlə təmin olunub. Hazırda daha 5,5 min nəfərin məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində iş aparılır. Təkcə bu il özünüməşğulluq proqramı çərçivəsində 132 nəfər müharibə veteranı və şəhid ailəsinə biznes planlarına uyğun aktivlər verilib.

Ramal Quluzadənin sözlərinə görə, məşğulluq sahəsində rəqəmsal texnologiyaların tətbiqi Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə atılan addımlar vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığını və effektivliyini artırmaqla yanaşı, məşğulluq sahəsində innovativ yanaşmaların tətbiqini dəstəkləyir.

2022-ci ildə istifadəyə verilən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) rəqəmsal texnologiyaların məşğulluq sahəsində tətbiqinin ən uğurlu nümunələrindən biridir. ƏMAS əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. Bu e-sistem işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılmasını, rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqini, işəgötürənlərin zərərli iş yerlərinin attestasiyasını, əməyin hesablanmasını və ödənilməsini təmin edir.

Ümumiyyətlə, işsizlikdən sığorta sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır və “İşsizlikdən sığorta haqqında” qanunla tənzimlənir. Qanuna müvafiq olaraq əmək münasibətlərinə dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; əmək müqaviləsinin müddəti qurtardıqda; müəssisənin mülkiyyətçisi dəyişdikdə; əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduğu halda; əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdiyi halda şəxs işsiz kimi qeydiyyata alınıb işsizlikdən sığorta ödənişi almaq hüququna malik olur.

Sığorta ödənişi sığorta stajından asılı olaraq, şəxslərə ya itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində, ya da minimum əməkhaqqı məbləğində hesablanır. Əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilən şəxslərə 3 ay, qeyd olunan digər əsaslarla əmək müqaviləsinə xitam verilən şəxslərə isə 6 ay müddətində işsizlikdən sığorta ödənişi təyin edilir.

Əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilən şəxslər istisna olmaqla, digər əsaslarla 6 ay müddətində işsizlikdən sığorta ödənişi təyin olunmuş şəxsin müvafiq müddət ərzində sığorta ödənişini alıb qurtardıqdan sonra həmin sığorta hadisəsi üzrə bir dəfə təkrar müraciət edərək 3 ay müddətində minimum əməkhaqqı məbləğində təkrar sığorta ödənişi almaq hüququ var.

Qeyd olunan əsaslarla əmək müqaviləsinə xitam verilən şəxslər işsizlikdən sığorta ödənişinin təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filialları və ya DOST Agentliyinin DOST mərkəzlərinə müraciət edə bilərlər.

Mustafa KAMALXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
50
xalqqazeti.az

10Mənbələr