AZ

Bələdiyyələrdə qadınların təmsilçiliyi 39%-ə yaxınlaşıb

Əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki, qadınların iqtisadi fəallığı davamlı şəkildə artır.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədri qeyd edib ki, orta əməkhaqqında da artım tempi müsbətdir:

“Peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir. Özünüməşğulluq proqramlarında iştirak da genişlənməkdədir. Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük verdiyini göstərir. Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur. Hazırda

- ali təhsildə qadınların üstünlüyü,

magistratura səviyyəsində balanslaşma,

peşə təhsilində tədrici diversifikasiya olmaqla insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur.

Dövlət Komitəsinin 2020 - ci ildə başlatdığı "Qızların Təhsilinə Dəstək" layihəsi 9 istiqamət üzrə proqramları və tələbə qızların artan sayı ilə bu nəcib missiyanın daha da genişləndiyinin əsas əlamətidir. Bu proses göstərir ki, Azərbaycanda artıq təhsil və iqtisadiyyat arasında struktur məzmunlu uyğunlaşma güclənməkdədir”.

Bahar Muradova bildirib ki, sahibkarlıq və iqtisadi aktivlik sahəsində qadınların payının artdığını, kənd təsərrüfatında iştirakının genişləndiyini, özünüməşğulluq proqramlarının sosial inklüzivliyi gücləndirdiyini xüsusi olaraq vurğulamaq lazım gəlir:

“Bununla yanaşı, mülkiyyət və bank sektorundakı vəziyyət göstərir ki, iqtisadi qərarvermədə gender balansı hələ də inkişaf mərhələsindədir. Bu sahədə əsas hədəf isə
resurslara çıxışın bərabərləşdirilməsinə, iqtisadi gücün daha inklüziv paylanmasına nail olmaqdır. Bunu daşınmaz əmlak və bank sektorundakı iştirak nisbəti bir daha təsdiq edir”.

Komitə rəhbəri deyib ki, 2025-ci ildə bələdiyyələrdə qadınların təmsilçiliyi 39%-ə yaxınlaşıb, QHT sektoruna rəhbərlikdə sayı artıb, həmkarlar ittifaqlarında aktivliyi yüksəlib:

“Eyni zamanda media və rəqəmsal platformalar gender məsələlərinin daha açıq və ictimai müzakirə predmetinə çevrilməsinə şərait yaradıb. Bu isə göstərir ki, bərabərlik siyasəti artıq yalnız dövlət səviyyəsində deyil, ictimai şüur səviyyəsində də sürətlə transformasiya olunmaqdadır”.

E.Paşasoy,
Musavat.com

Seçilən
4
1
musavat.com

2Mənbələr