AZ

"Bacımı onunla əl-ələ görən kimi qaçıb bazardan bıçaq aldım, taxdım belimə"

Şirvan şəhərində 19 yaşlı oğlan bacısı ilə görüşən şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 10-da şəhərin Xəqani küçəsində yerləşən Heydər Əliyev adına parkda baş verib.

Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Məmməd həmin gün saat 10 radələrində Heydər Əliyev adına parkda Muradın bacısı Səbinə (adlar şərtidir – red.) ilə söhbət etməsini bəhanə edib və Murada yaxınlaşaraq onunla mübahisə edib. O, Muradın ünvanına ucadan nalayiq ifadələr işlədib, bıçaqla iki dəfə onu vurub.

İş üzrə ifadə verən Məmməd bildirib ki, Muradı əvvəllər tanımayıb və onu ilk dəfə iyulun 10-da bacısı Səbinənin yanında görüb:

“Həmin gün səhər saat 9 radələrində özümə telefon nömrəsi almaq üçün Şirvan şəhərində yerləşən “Elit” adlı bazara getdim. Bazardan özümə 1 ədəd telefon nömrəsi aldım və bazardan çıxan zaman bacımın tanımadığım bir oğlanla birlikdə əl-ələ tutmuş vəziyyətdə bazardan çıxdığını gördüm. Bacım ilə həmin şəxsi birlikdə gördükdən sonra bazarın içərisinə qayıtdım. Bazardan 4 manata 1 ədəd mətbəx bıçağı aldım və həmin bıçağı kəmərimin altında gizlətdim. Bazardan çıxaraq kənara boylansam da, bacımı və yanında olan şəxsi görmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onları axtarmaq üçün bazardan çıxıb:

“Bazardan çıxan zaman dostum Samiri gördüm. Samiri görərək onun yanına yaxınlaşan zaman bacım ilə həmin şəxsi, yəni sonradan Murad olduğunu öyrəndiyim şəxsin bazarın yaxınlığındakı parkda birlikdə skamyada oturaraq baş-başa söhbət etdiklərini gördüm. Samirlə görüşmədən qaça-qaça bacım ilə Muradın yanına yaxınlaşdım. Murad mənə nə isə dedi. Lakin mən həmin sözü eşitmədim və belimdəki bıçağı çıxararaq heç bir söz demədən qorxutmaq məqsədi ilə onu vurmaq istədim. Amma ilk atdığım bıçaq ona dəymədi. O, qaçmağa başladı. Muradı vurmaq istədiyim yerdən təxminən 4-5 metr kənarlaşanda onu bir dəfə arxadan bıçaqla vurdum. Həmin şəxs ayaq saxlamayaraq qaçmağa davam etdi. Mən də Muradın arxasınca bir qədər qaçdıqdan sonra dayandım və bıçağı tulladım. Bundan sonra atamın yanına getdim və ona baş verənləri danışaraq polisə təslim olacağımı bildirdim. Mən Muradı bıçaqla vuran zaman aralıda bacım Səbinə və dostum Samir olub. Həmin vaxt əsəbi olduğumdan ətrafda başqa şəxslərin olub-olmamasını xatırlamıram”.

İş üzrə zərərçəkmiş Muradın sözlərinə görə, Məmmədi əvvəllər tanımayıb:

“Məmmədi məni bıçaqlayan zaman tanımışam və sevdiyim qız Səbinənin qardaşı olduğunu öyrənmişəm. Məmmədlə əvvəllər heç bir münasibətim, ədavətim və ya düşmənçiliyim olmayıb. Mən Səbinə ilə “Elit” bazarında tanış olmuşam. Səbinə ilə aramızda telefon danışığı olmasa da, arada bir bazara gəlir və söhbət edirik”.

Murad qeyd edib ki, məlum hadisə günü Səbinənin bazarda olduğunu görüb:

“Bazardan çıxaraq Səbinənin arxasınca getdim və Heydər Əliyev parkında görüşdük, söhbət etməyə başladıq. Həmin vaxt sonradan adının Samir olduğunu bildiyim şəxs bizi gördü. Samir Səbinəyə nə isə dedi. Sonradan Səbinə mənə Samirin bizi gördüyünü heç kimə deməməsini xahiş etdiyini bildirdi. Bir qədər söhbət etdikdən sonra evə getmək istəyən zaman Məmməd qaça-qaça bizə yaxınlaşdı. Mən Məmmədə söhbət etmək istədiyimi desəm də, o, mənə qulaq asmayaraq belindən bıçağı çıxararaq məni vurdu. Həmin bıçaq mənə cüzi xəsarət yetirdi və onun əlindən qaçdım. Məmməd qaçarkən arxadan bir dəfə bıçaqla məni vurdu. Mən isə dayanmayaraq qaça-qaça parkdan çıxdım. Məmməd isə məni bir qədər qovduqdan sonra dayandı. Yolun kənarında belimdən qan axdığı üçün dayandım və həmin vaxt bir nəfər tanımadığım şəxs məni xəstəxanaya apardı. Mən xəstəxanada müalicə olundum”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, onun bacısı Səbinə ilə nişanlandıqlarını və evlənəcəklərini, təqsirləndirilən şəxsə heç bir şikayətinin olmadığını bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilib.

Təqsirləndirilən şəxsin barəsində Milli Məclisin 19 dekabr 2025-ci il tarixli amnistiya aktı tətbiq edilib və Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən aparılan cinayət təqibinə xitam verilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
14
1
demokrat.az

2Mənbələr