ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Ölkə başçısının diqqətə çatdırdığı məsələlərdən biri də, son dövrlər bütün dünyada, eləcə də ölkəmizdə tendensiya halını almış kəndlərdən şəhərlərə olan urbanizasiya problemi ilə bağlı olub.
Prezidentin sözlərinə görə, bu, təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir.
“Bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”, -deyə prezident bildirib.
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda da urbanizasiya prosesi son illərdə özünü büruzə verməyə başlayıb. Bölgələrdə yaşayan insanların əhəmiyyətli hissəsi daha yaxşı yaşayış şəraiti, yüksək maaşlı iş və geniş imkanlar əldə etmək üçün Bakı və digər böyük şəhərlərə köçməyə çalışır. Xüsusilə iri şirkətlərin, biznes mərkəzlərinin, universitetlərin və müxtəlif xidmət sahələrinin əsasən iri şəhərlərdə cəmləşməsi daxili miqrasiyanın sürətlənməsinə səbəb olub. Hazırda iri paytaxt Bakı başda olmaqla, digər iri şəhərlər paytaxt ölkənin həm iqtisadi, həm təhsil, həm də əmək bazarının əsas mərkəzi hesab olunur. Bu səbəbdən regionlarda yaşayan bir çox insan gələcəyini şəhərlərdə qurmağa üstünlük verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanın əhalisi hazırda təxminən 10 milyon 266 min nəfərdir. Əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kəndlərdə yaşayır. Diqqətçəkən məqamlardan biri də odur ki, ölkə əhalisinin təxminən dörddə biri – 2 milyon 355 minə yaxın insan – rəsmi olaraq Bakıda qeydiyyatdadır. Bu isə paytaxtın ölkə üzrə əhali baxımından nə qədər böyük çəkidə olduğunu göstərir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya şərhində bildirib ki, kəndlərdən şəhərlərə köçün arxasında duran əsas səbəb iqtisadi xarakter daşıyır: “İnsanlar daha yaxşı iş imkanları, yüksək əməkhaqqı və rahat həyat şəraiti axtarır. Kənddə sabit gəlir mənbəyi olmadıqda, ailələr üçün şəhər qaçılmaz bir alternativ halına gəlir. Bu tendensiya yalnız Azərbaycana xas deyil, inkişaf etməkdə olan demək olar ki, bütün ölkələr bu problemlə üzləşib”.
Ekspert qeyd edib ki, problemin kökündə infrastruktur qeyri-bərabərliyi dayanır: “Kənd yerlərində keyfiyyətli tibb xidməti, müasir məktəblər, internet əlaqəsi və nəqliyyat imkanları şəhərə nisbətən çox zəifdir. Bir ana öz uşağını şəhərdəki xəstəxanaya aparmaq məcburiyyətindədirsə, nəhayət, ailənin bütünlüklə köçmək qərarı verməsi qaçılmaz olur. Bunun həlli üçün əvvəlcə kəndlərdə iqtisadi fəaliyyət mühiti yaradılmalıdır. Kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin güzəştli kreditlərə çıxışı, kooperativ modellərin inkişafı insanlara regionlarda gəlir qazanmaq imkanı verər. Bir fermer öz məhsulunu bazara çatdıra bilmirsə və ya ədalətli qiymətə sata bilmirsə, torpağı tərk etmək onun üçün ən ağlabatan seçim olur”.
A. Nəsirlinin sözlərinə görə, paralel olaraq, kənd infrastrukturuna ciddi investisiya qoyulmalıdır: “Sürətli internet, yaxşı yollar, keyfiyyətli məktəb və poliklinika olmadan heç bir iqtisadi təşviq işə yaramaz. İnsanlar həm ruzi, həm də layiqli həyat şəraiti istəyir. Uzunmüddətli perspektivdə isə kənd turizmi, ekoloji fermerlik, evdən uzaqdan çalışma imkanlarının genişləndirilməsi kimi yeni istiqamətlər gənclər üçün kəndi cəlbedici edə bilər. Şəhərdən kəndə axın yalnız o zaman baş verər ki, kənd insana həm dolanışıq, həm rahatlıq, həm də perspektiv təklif etsin”.
Qeyd edək ki, oxşar tendensiya digər ölkələrdə də müşahidə olunur. Bu gün dünya əhalisinin təxminən 4,8 milyardı, yəni 58-59 faizi şəhər və qəsəbələrdə yaşayır. Maraqlıdır ki, cəmi bir əsr əvvəl – 1925-ci ildə – dünya əhalisinin yalnız dörddə biri şəhərlərdə məskunlaşmışdı. Son iki əsr ərzində dünya əhalisinin yaşayış strukturu köklü şəkildə dəyişib və urbanizasiya qlobal miqyasda sürətlənib. Əgər XIX əsrin sonlarında dünya əhalisinin cəmi 3 faizi şəhərlərdə yaşayırdısa, sonrakı dövrlərdə sənayeləşmə, iqtisadi inkişaf və yeni iş imkanlarının yaranması insanların kəndlərdən şəhərlərə kütləvi şəkildə köç etməsinə səbəb oldu. Nəticədə, 1900-cü ildə şəhər əhalisinin payı 13,6 faizə yüksəldi. XX əsrin ikinci yarısından etibarən isə urbanizasiya daha da sürətləndi və 2000-ci ildə dünya əhalisinin artıq 47,4 faizi şəhərlərdə yaşamağa başladı. 2020-ci ildə bu göstərici 55,7 faizə çatdı. Hazırda isə dünya əhalisinin təxminən 58-59 faizi, yəni 4,8 milyarda yaxın insan şəhər və qəsəbələrdə yaşayır.
Mütəxəssislərin proqnozlarına görə, yaxın onilliklərdə bu proses daha da güclənəcək. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına əsasən, 2030-cu ildə dünya əhalisinin 60 faizdən çoxu, 2050-ci ildə isə təxminən üçdə ikisi – yəni 66-70 faizi şəhərlərdə yaşayacaq.
Burada urbanizasiya ilə yanaşı bir sıra digər problemlər də ortaya çıxır. Məsələn, əhali sıxlığının artması nəqliyyat yüklənməsini, ekoloji çətinlikləri, mənzil problemini və sosial bərabərsizliyi dərinləşdirir. Buna baxmayaraq, hazırkı tendensiyalar göstərir ki, bu prosesi tam şəkildə dayandırmaq mümkün görünmür. Bəşəriyyət getdikcə daha çox şəhər mərkəzli həyata doğru irəliləyir və gələcəyin inkişaf modeli əsasən “ağıllı”, dayanıqlı və texnoloji şəhərlərin qurulması üzərində formalaşır.
E. Bəyməmmədli
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.