AZ

İran Prezidenti beynəlxalq internetin bərpası barədə göstəriş verib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeshkian ölkədə təxminən 90 gün davam edən beynəlxalq internet məhdudiyyətlərindən sonra qlobal şəbəkəyə çıxışın bərpası barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, məlumat ölkənin Rabitə Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsi tərəfindən təsdiqlənib.

Rəsmi açıqlamalarda qeyd olunur ki, prezidentin qərarı beynəlxalq internetə çıxışın mərhələli şəkildə bərpasını nəzərdə tutur. Lakin bu prosesin nə zaman və hansı texniki mexanizmlərlə həyata keçiriləcəyi barədə hələlik dəqiq məlumat verilməyib. Hakimiyyət orqanları internetin tam bərpası üçün təhlükəsizlik və idarəetmə tədbirlərinin nəzərdən keçirildiyini bildirir.

Məlumata görə, internet məhdudiyyətləri İranın müxtəlif regionlarında ardıcıl şəkildə tətbiq edilib və nəticədə əhalinin böyük hissəsi uzun müddət qlobal şəbəkədən təcrid olunub. Beynəlxalq monitorinq platforması "NetBlocks"ın məlumatına əsasən, İran istifadəçiləri ümumilikdə 87 gün ərzində qlobal internetə ya ümumiyyətlə çıxış əldə etməyib, ya da yalnız çox məhdud şəkildə daxil ola bilib. Bu müddətdə bəzi vətəndaşlar yalnız yüksək qiymətli VPN xidmətləri vasitəsilə bloklamaları qismən keçə biliblər.

İnternet məhdudiyyətlərinin ilk dalğası 8 yanvarda ölkədə hökumət əleyhinə etirazların genişlənməsi fonunda tətbiq olunmuşdu. Rəsmilər bu addımı “ictimai asayişin qorunması və məlumat axınının tənzimlənməsi” ilə əsaslandırmışdı. Fevral ayında vəziyyət qismən yumşaldılaraq internetə çıxış müəyyən dərəcədə bərpa edilsə də, 28 fevralda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlardan sonra əlaqələr yenidən sərtləşdirilib və qlobal şəbəkəyə çıxış bloklanıb.

Məhdudiyyətlər İranın informasiya infrastrukturuna ciddi təsir göstərib və ölkə daxilində rəqəmsal xidmətlərin, bank sistemlərinin və kommunikasiya kanallarının fəaliyyətində çətinliklər yaradıb.

Hazırkı qərar ölkədə internet azadlığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Analitiklər hesab edirlər ki, internetin mərhələli bərpası həm daxili sosial gərginliyin azaldılması, həm də beynəlxalq təzyiqlərin yumşaldılması məqsədi daşıya bilər. Bununla belə, prosesin tam və dayanıqlı şəkildə həyata keçirilib-keçirilməyəcəyi hələ qeyri-müəyyən olaraq qalır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
bizimyol.info

1Mənbələr