1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa edərək bu tarixi irsi müasir dövlət quruculuğunun əsasına çevirdi. Müstəqilliyin ilk illərində ölkə ciddi çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası, siyasi iradəsi və böyük fədakarlığı sayəsində dövlətçiliyin qorunması, sabitliyin təmin edilməsi və inkişafın əsaslarının yaradılması mümkün oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqilliyimizi xilas etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın bugunkü uğurlarını şərtləndirdi. Azərbaycanın bugünkü uğurları Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Müstəqillik illərində dövlət institutlarının gücləndirilməsi, hüquqi sistemin təkmilləşdirilməsi və müasir idarəetmə modelinin formalaşdırılması milli dövlətçilik ənənələrinin inkişafına xidmət etdi. Bu proses Azərbaycanı sabit və inkişaf edən dövlətə çevirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqında deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün dövlət müstəqilliyinin və milli birliyimizin əsas rəmzidir. Bu bayrağın işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycanın suverenliyinin tam bərpasını və dövlətçilik ideyasının real təntənəsini ifadə edir. Bu tarixi uğurlar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin nəticəsi və gələcək nəsillər üçün mühüm dövlətçilik əmanətidir. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev 2023-cü il 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi: "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi." Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır, dirçəlir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin icrasının başa çatacağı cari ildə 140 min keçmiş məcburu köçkünün doğma yurd-yuvasına qayıdışını təmin etməkdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Prezident İlham Əliyev demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur."
28 May - Müstəqillik Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələni, demokratik ənənələrin təməlini və milli kimlik şüurunun formalaşmasını özündə birləşdirir. Bu tarix həm keçmişə ehtiramı, həm də gələcəyə yönəlmiş güclü dövlətçilik iradəsini ifadə edir.
Ramil Nəbiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı