AZ

Deputat fəaliyyətində məsuliyyət: söz və davranışın hüquqi nəticələri

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanan müraciətdə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Milli Məclisə keçirilmiş seçkilərdə qeydə alınmış namizəd Günay Ağamalının seçkiqabağı təşviqat dövründə seçicilərə mükafat vəd etməsi ilə bağlı iddialar irəli sürülür və bu hərəkətlərin Azərbaycan Respublikasının Seçki Məcəlləsi və cinayət qanunvericiliyinin müvafiq müddəalarının pozulması kimi qiymətləndirildiyi qeyd olunur. Bildirilir ki, təşviqat materiallarında və seçicilərlə görüşlər zamanı “yüksək bal toplayan abituriyentlərə və əlaçı şagirdlərə mükafatların təqdim olunacağı” barədə vədlər seçicilərin iradəsinə təsir göstərmə və onları ələ alma kimi xarakterizə edilə bilər.

Eyni zamanda müraciətdə bu halların seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçicilərin sərbəst iradəsinə təsir göstərmə kimi hüquqi nəticələr doğurduğu iddia olunur.

Qeyd edilir ki, sözügedən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməli və ictimai ittiham qaydasında araşdırılmalıdır.

Müraciətdə Günay Ağamalının toxunulmazlıq hüququnun ləğv edilməsi, barəsində cinayət işinin başlanması və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün səlahiyyətli orqanlar tərəfindən tədbir görülməsi xahiş olunur.

Burada maraqlı bir sual yaranır: deputatın mandatı nə zaman əlindən alına bilər?

Hüquqşünas Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə qanunvericilik dedikdə Konstitusiya, Azərbaycan Respublikasının qanunları, o cümlədən Milli Məclisin Daxili Nizamnaməsi və “Etik davranış qaydaları haqqında Qanun” nəzərdə tutulur. Bu hüquqi çərçivə əsasında deputatlar öz fəaliyyətlərinə və davranışlarına görə məsuliyyət daşıyır və zərurət yarandıqda cəzalandırıla və hətta mandatlarından məhrum edilə bilərlər, yəni deputatlıq statusundan məhrum olunmaları da mümkündür.

Hüquqşünas bildirib ki, deputatların etik davranış qaydaları mövcuddur və həmin qaydaların tələblərinə riayət etmək onların birbaşa vəzifəsidir. Bu qaydalar pozulduğu halda Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq araşdırma başlanılır. Araşdırma zamanı deputat tərəfindən jurnalistlərə, seçicilərə və digər şəxslərə qarşı nəzakətsiz davranış, qərəzlilik, irqi, dini və ya cinsi ayrı-seçkilik halları, maraqların toqquşmasına yol verilməsi, şəxsi maraqların xidməti maraqlardan üstün tutulması və ya korrupsiya ilə bağlı məhdudiyyətlərin pozulması, o cümlədən qanunla müəyyən edilmiş hədiyyə limitindən artıq hədiyyə qəbulu kimi hallar müəyyən edilərsə, bu etik pozuntu hesab olunur.

“Belə hallarda İntizam Komissiyası tərəfindən araşdırma aparılır və nəticəyə uyğun olaraq deputat barəsində xəbərdarlıq edilə bilər, onun çıxış hüququ məhdudlaşdırıla bilər və ya iclas zalından çıxarılması kimi intizam tədbirləri tətbiq oluna bilər. Daha ciddi hallarda isə məsələ hüquqi qiymət verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilə bilər və yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə deputat mandatından məhrum edilə bilər və ya deputatlıq statusuna xitam verilə bilər.

Eyni zamanda deputatların mandatdan məhrum edilməsi yalnız etik davranış qaydalarının pozulması ilə məhdudlaşmır. Digər hallara seçkilərdə və ya səsvermədə ciddi qanun pozuntularının aşkar edilməsi, deputat tərəfindən cinayət törədilməsi və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması, deputatın başqa dövlətin vətəndaşlığını qəbul etməsi və ya başqa dövlət qarşısında öhdəlik götürməsi, dövlət və ya bələdiyyə vəzifəsinə təyin olunması, könüllü olaraq mandatdan imtina etməsi, fəaliyyət qabiliyyətsizliyinin məhkəmə tərəfindən müəyyən edilməsi və vəfat halları daxildir.

O bildirib ki, bu hallarda mandatdan məhrumetmə proseduru qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir və bir sıra hallarda Mərkəzi Seçki Komissiyası tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilir, digər hallarda isə birbaşa Konstitusiya Məhkəməsinə təqdim olunur. Hər bir halda deputatın mandatına xitam verilməsi üçün mütləq şəkildə Konstitusiya Məhkəməsinin qərarı olmalıdır, Konstitusiya Məhkəməsinin qərarı olmadan deputat mandatından məhrum edilə bilməz.

Xəyal Bəşirov vurğulayıb ki, cinayət törədilməsi və digər qanun pozuntuları ilə bağlı Azərbaycanda təcrübədə də müxtəlif hallar olmuşdur, o cümlədən seçkilərdə pozuntulara görə nəticələrin ləğv edilməsi və ayrı-ayrı hallarda deputatların mandatdan məhrum edilməsi kimi qərarlar Konstitusiya Məhkəməsinin müvafiq qərarları əsasında həyata keçirilmişdir. Məsələn, 2020-ci ildə parlament seçkiləri oldu və o seçkilər zamanı bir neçə dairədə seçkidə qanun pozuntularının olmasına görə nəticələr ləğv olundu. Və yaxud Xaçmazdan seçilən deputat cinayət törətdiyinə görə mandatdan məhrum edildi. Təcrübədə belə hallar olub.

Hüquqşünasın fikrincə, deputatlar etik davranış qaydalarına ciddi riayət etməli, öz çıxışlarına, davranışlarına və fəaliyyətlərinə məsuliyyətlə yanaşmalıdırlar. Onlar qanunvericilik təşəbbüsləri ilə çıxış etməli, layihələr hazırlamalı və onları Milli Məclisin müzakirəsinə təqdim etməlidirlər, çünki deputatlığın əsas mahiyyəti məhz xalqın maraqlarını təmsil etmək və qanun yaradıcılığı prosesində fəal iştirak etməkdir. Bu səbəbdən deputatlar qanun pozuntularına və etik qaydaların pozulmasına yol verməməlidirlər, əks halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır və mandatdan məhrum edilə bilərlər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr