Lənkəranda növbəti əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub.
Far.Az apa-ya istinadən xəbər verir ki, Lənkəran Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunda növbəti əmək yarmarkası təşkil edilib. Sayca 95-ci olan bu məşğulluq yarmarkasında əsasən gənclər, tələbələr və məzunlar öz ixtisaslarına uyğun iş tapmaq imkanı qazanıblar. Yarmarkada 37 işəgötürən müəssisə tərəfindən 250-dən çox boş iş yeri (vakansiya) təklif olunub. Aktiv iştirak edən işəgötürənlərin böyük əksəriyyətini özəl sektorun nümayəndələri təşkil edib.Tədbirdə iştirak edən işaxtaranlar təşkilatçılıqdan razı qaldıqlarını bildiriblər.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə qurumun bu istiqamətdəki fəaliyyətinin geniş coğrafiyanı əhatə etdiyini vurğulayıb: "İşğaldan azad olunmuş ərazilərimizdə də əmək yarmarkalarının keçirilməsi uğurla davam etdirilir. Cari il ərzində həmin bölgələrdə artıq 12 əmək yarmarkası baş tutub. Bu proses ardıcıldır. Məqsədimiz həm işsiz şəxslərin, həm də gənclərimizin məşğulluğunun təmin edilməsi istiqamətində addımlarımızı davamlı etməkdir".
Məlumat üçün bildirək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ilin əvvəlindən bəri ölkə miqyasında ümumilikdə 95 əmək yarmarkası təşkil olunub.