AZ

Gənc turizm liderləri Qubada bir arada

Yazını böyüt
Yazını kiçilt

Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşlığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc Turizm Liderləri-3” adlı düşərgə keçirilib.

Hafta.az xəbər verir ki, ATMU-nun məlumatına görə, düşərgə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Açılış mərasimində Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri çıxış edərək düşərgənin əhəmiyyətindən, turizm sahəsində gənclərin fəal iştirakından və onların gələcəkdə milli turizm siyasətində oynayacaqları roldan bəhs ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli İsgəndərli gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, bu cür layihələrin gənclərin şəxsi inkişafına, təşəbbüskarlığının artırılmasına və gələcək karyera yollarında uğur qazanmasına mühüm təsir göstərdiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin sektor müdiri Günay Fərzəliyeva turizm sahəsində gənclər üçün mövcud imkanlar, yeniliklər və perspektivlər barədə ətraflı məlumat verib. O, tələbələri turizm sektorunda daha aktiv olmağa, innovativ ideyalar irəli sürməyə və gələcək fəaliyyətlərində peşəkar yanaşma nümayiş etdirməyə çağırıb.

ATMU-nun Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva düşərgənin təşkilati prosesində fəal iştirak edərək iştirakçıların daha səmərəli və motivasiyalı şəkildə fəaliyyət göstərməsinə dəstək olub.

Tədbirdə çıxış edən digər qonaqlar da bu cür layihələrin turizm sahəsində peşəkar və təşəbbüskar gənc nəslin formalaşmasına dəstək xarakteri daşıdığını vurğulayıblar.

Layihə çərçivəsində tələbələr təlimlər, master-klaslar, şəhər turları, komanda oyunları və turizm mövzusunda sessiyalarla fəallığı və təşəbbüskarlığı ilə seçiliblər. Universitetin gəncləri turizm sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək layihəyə xüsusi rəng qatıblar. Təlim və komanda fəaliyyətlərində aktiv iştirak edən tələbələr liderlik keyfiyyətləri ilə diqqət çəkiblər. Eyni zamanda, gənclər sektorda çalışan peşəkarlarla tanış olaraq gələcək karyeraları üçün faydalı əlaqələr qurublar.

Qeyd edək ki, 4 gün davam edən düşərgənin keçirilməsində məqsəd “Əylənərək öyrənirik” metodu əsasında gənclərin qeyri-formal təhsil alətləri ilə turizm sahəsində bilik və bacarıqlarını formalaşdırmaq, onların innovativ düşüncə və liderlik keyfiyyətlərini artırmaqdır.

Seçilən
0
4
hafta.az

5Mənbələr