AZ

“Afrika–Azərbaycan ticarət körpüsünün gücləndirilməsi əsas hədəfdir” - Rəna Qəfərova

"Son illərdə Afrika mövzusunun aktuallaşması bizi sevindirir. Biz bu təşkilatı üç il əvvəl qeydiyyatdan keçirmişik və məqsədimiz Afrika ölkələri ilə Azərbaycan arasında ticarət və əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir".

QHT.az xəbər verir ki, bu  fikirləri Afrika–Azərbaycan Ticarət Əlaqələri Təşkilatının təsisçisi Rəna Qəfərova 2026-cı il mayın 20-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yaşıl təchizat zəncirində yaşıl logistika" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

R.Qafarovanın sözlərinə görə, Afrika haqqında ümumi təsəvvürlərin yanlışlıqlarını və qitənin çoxşaxəli reallığını vurğulayır: "Afrika haqqında danışarkən, çox vaxt onu bir bütöv kimi görürük. Halbuki Afrika 54 ölkədən ibarətdir və təxminən 2 milyard əhaliyə malikdir. Hər ölkənin öz mədəniyyəti, dili və iqtisadi reallığı var. Buna baxmayaraq, biz bəzən Afrikanı vahid bir region kimi qəbul edirik".

Rəna Qafarova bildirib ki, əsas çətinliklərdən biri logistika və nəqliyyat infrastrukturunun zəifliyidir: "Afrikada əsas problemlərdən biri logistika və nəqliyyat sahəsidir. Bəzi hallarda bir məhsulun daşınma xərci onun istehsal dəyərindən daha yüksək olur. Bu da ixracı çətinləşdirir. Regionda nəqliyyat infrastrukturunun, xüsusilə dəmir yolları və limanların inkişafı hələ də tam səviyyədə deyil. Bu sahədə xarici ölkələrin, o cümlədən Çin kimi aktorların aktivliyini də görürük".

O vurğulayıb ki, əsas məqsəd Azərbaycan məhsullarının Afrika bazarına daha səmərəli çıxışını təmin etməkdir: "Bizim məqsədimiz odur ki, Azərbaycan məhsulları Afrika bazarına daha sürətli və sərfəli şəkildə çatsın. Bəzən burada “vaxt” puldan daha dəyərlidir, çünki gecikmə bütün təchizat zəncirinə təsir edir. Buna görə də peşəkar logistika və planlama çox vacibdir".

R.Qafarovanın sözlərinə görə, bazara giriş strategiyasında qiymət və vaxt amili həlledicidir: "Azərbaycan məhsullarının Afrika bazarında daha geniş yer alması üçün ilkin mərhələdə bəzən məhsullar maya dəyərinə yaxın şərtlərlə ixrac edilir. Bu, bazara giriş strategiyasının bir hissəsidir".

Rəna Qafarova bildirib ki, son illərdə Afrika ölkələri ilə aktiv əməkdaşlıq həyata keçirilib: "Son üç il ərzində biz müxtəlif ölkələrlə əməkdaşlıq etmişik. Məsələn, Efiopiyaya səfərimiz zamanı üç müqavilə imzalandı. Qarşıdakı aylarda Qanaya səfər planlaşdırılır. Bundan əvvəl keçirilən “Africa Week” tədbirində 11 ölkədən sahibkarlar Azərbaycanda iştirak etdilər və Kənd Təsərrüfatı Sərgisində Afrika pavilyonu təşkil olundu".

O vurğulayıb ki, dövlət dəstəyi və beynəlxalq əməkdaşlıq bu prosesdə mühüm rol oynayır: "Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın rəhbərliyinin bu təşəbbüslərə göstərdiyi diqqət bizim üçün böyük motivasiya oldu. Dövlət və özəl sektorun birgə fəaliyyəti bu sahədə uğurun əsas şərtidir".

R.Qafarovanın sözlərinə görə, rəqəmsal xidmətlərin Afrika ölkələrində tətbiqi istiqamətində addımlar atılır: "Bundan başqa, bəzi dövlət və rəqəmsal layihələr artıq Afrika ölkələrində tətbiq olunur. Məsələn, “MyGov” kimi elektron xidmətlərin Nigeriya və Çadda tətbiqi istiqamətində işlər aparılır. Eyni zamanda digər xidmətlər də bir neçə Afrika ölkəsində fəaliyyətə başlayıb".

Rəna Qafarova bildirib ki, əsas hədəf Azərbaycan və Afrika arasında iqtisadi körpünün gücləndirilməsidir: "Bizim məqsədimiz Azərbaycan və Afrika arasında körpü rolunu gücləndirmək, ticarət dövriyyəsini artırmaq və yeni əməkdaşlıq imkanları yaratmaqdır. Türkiyə və BƏƏ kimi ölkələrin bu istiqamətdəki təcrübəsi də göstərir ki, düzgün strategiya ilə böyük nəticələr əldə etmək mümkündür".

O sonda dəstək verən hər kəsə təşəkkür edib və gələcək layihələrdə daha böyük uğurlar arzulayıb.

Seçilən
31
qht.az

1Mənbələr