AZ

Şam yeməyi üçün ideal vaxt açıqlandı: Beyinə necə təsir edir?

Koqnitiv sağlamlığa təkcə qida seçimi deyil, həm də qidanın qəbul edildiyi vaxt təsir göstərə bilər. Xüsusilə axşam yeməyinin vaxtı mühüm rol oynayır. Mütəxəssislər daha yaxşı koqnitiv vəziyyət üçün yeməyi yuxudan təxminən üç saat əvvəl qəbul etməyi tövsiyə edirlər. 

Demokrat.az xəbər verir ki, bu barədə “Health” nəşri yazır.

Məqalədə qeyd olunur ki, axşam yeməyinin vaxtı hər insanda fərqlidir. Məsələn, gec yatan insanlarda bu saat 20:00–21:00 ola bilər, lakin əksər insanlar üçün yeməyi 17:00–19:00 aralığında qəbul etmək daha məqsədəuyğundur ki, qida yatmazdan əvvəl tam həzm oluna bilsin.

“Nutrition & Diabetes” jurnalında dərc olunan araşdırmaya əsasən, bu zaman aralığı təkcə beyin sağlamlığı üçün deyil, həm də ürək, metabolizm və yuxu rejiminin qorunması üçün optimal hesab olunur.

Mütəxəssislər bildirirlər ki, yatmazdan 2–3 saat əvvəl axşam yeməyi bir sıra ümumi sağlamlıq üstünlükləri yaradır və bu da dolayı yolla beyin funksiyalarını yaxşılaşdırır.

1. Daha yaxşı yuxu

Gec qəbul edilən axşam yeməyi sirkad ritmi – yuxu və oyaqlıq bioloji saatını poza bilər. Bu isə növbəti gün yorğunluğa səbəb olmaqla yanaşı, uzunmüddətli dövrdə koqnitiv funksiyalara mənfi təsir göstərə bilər.

2024-cü ildə “Sleep Health” jurnalında dərc olunan araşdırma göstərib ki, ən azı 7 saat yatan insanlar yaddaş testlərində daha yaxşı nəticələr göstəriblər. 2025-ci ildə “Physiology” jurnalında yayımlanan başqa bir tədqiqat isə kifayət qədər yuxunun beynin Alzheimer və Parkinson xəstəlikləri ilə əlaqəli müəyyən zülallardan təmizlənməsinə kömək etdiyini ortaya qoyub.

2. Daha yaxşı çəki nəzarəti

Daha doyumlu səhər və günorta yeməyi, gecə ağır və kalorili şam yeməyi əvəzinə, optimal çəkinin saxlanmasına kömək edə bilər. Bu, beyin sağlamlığı üçün vacibdir, çünki artıq çəki demensiya riskini artırır. 2020-ci il araşdırmasına görə, yüksək bədən kütlə indeksi və qarın piylənməsi olan şəxslərdə demensiya riski daha yüksək olub.

3. Qan şəkərinin daha yaxşı tənzimi

Erkən axşam yeməyi qan şəkərinin stabilləşməsinə kömək edir. Xroniki yüksək qlükoza səviyyəsi beyin damarlarını zədələyərək yaddaş və öyrənmə qabiliyyətini zəiflədə bilər, həmçinin insult və Alzheimer riskini artırır.

2024-cü ildə aparılan araşdırma göstərib ki, diabet və prediabeti olan insanlarda 11 il ərzində beyin qocalması daha sürətli gedib.

4. Ürək-damar xəstəlikləri riskinin azalması

Qidalanmanın sirkad ritmə uyğunlaşdırılması ürək sağlamlığı üçün də faydalıdır. 2023-cü il araşdırması göstərib ki, yeməklərin gec saatlara saxlanmaması ürək-damar xəstəlikləri riskini azalda bilər.

Sağlam ürək isə uzunmüddətli beyin funksiyalarının qorunmasına kömək edir. 2021-ci il tədqiqatı göstərib ki, gənc yaşlarda ürək sağlamlığına diqqət yetirən insanlar yaşlı dövrdə daha yaxşı beyin sağlamlığına malik olurlar.

Gec axşam yeməyi niyə beyin üçün zərərlidir?

Məqalədə qeyd olunur ki, gec yemək vərdişi diabet 2-ci tip, piylənmə və ürək xəstəlikləri riskini artırır, yuxunu pozur və nəticədə koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilər. Bu da boz maddənin həcminin azalmasını sürətləndirə bilər.

Beyin sağlamlığını necə yaxşılaşdırmaq olar?

Axşam yeməyini yatmazdan 2–3 saat əvvəl qəbul etmək mühüm addımdır, lakin digər vərdişlər də vacibdir. Gün ərzində daha müntəzəm qidalanma, yeməkləri çox gecikdirməmək, balanslı porsiyalar qəbul etmək və əsas kaloriləri günün birinci yarısında toplamaq beyin sağlamlığına müsbət təsir göstərir.

Jalə
Demokrat.az
Seçilən
25
1
demokrat.az

2Mənbələr