AZ

"Mən Macaram!" deyən Rumıniyanın mədəniyyət naziri istefa verdi

"Mən Macaram!" deyən Rumıniyanın mədəniyyət naziri istefa verdi

Rumıniyanın müvəqqəti mədəniyyət naziri Andras İştvan Demeter milli mənafelərə qarşı kobud ifadələr işlətdiyi səs yazısının yayılmasından bir neçə saat sonra istefa verdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, Demeterin mənsub olduğu və əslən olaraq bağlılığı olan macar azlığının partiyası ölkədə böyük narazılıq doğuran bu sözlərdən sonra onun vəzifəsindən ayrılmasını və ictimaiyyət qarşısında üzr istəməsini tələb edib.

Nazirlik əməkdaşları ilə söhbəti zamanı macarəsilli siyasətçi 2012-ci ildə "Radio Romania"nın Moldovadakı "Radio Chisinau"nu satın alması ilə bağlı Baş Prokurorluq tərəfindən sorğu-sual edildiyi bir hadisəni danışıb.

"2mnews.ro" xəbər saytı tərəfindən paylaşılan səs yazısında Demeterin o dövrdə Kişinyovdakı radiostansiyanın rusların əlinə keçmə riski olduğunu müdafiə edərək, prokurora əsəbiləşəcəyi təqdirdə radiounu ruslara 5 milyona satacağı ilə hədə-qorxu gəldiyi eşidilir.

Səs yazısının davamında nazirin "Milli mənafeyin içinə edim, çünki mən macaram! Buna görə mənə heykəl qoymalısınız, çünki sizin edə bilmədiyinizi mən etdim" dediyi aydın olur.

Liberal İlie Bolojan hökumətinin süqutundan sonra ölkənin müvəqqəti kabinet tərəfindən idarə olunduğu bir vaxtda yaranan bu böhran fonunda Rumıniya Macarlarının Demokratik Birliyinin (UDMR) lideri Kelemen Hunor da nazirin dərhal getməsini tələb edib və bu sözləri Rusiyanın maraqlarına xidmət edən məsuliyyətsiz zarafat adlandırıb.

Demeter "Facebook" hesabında paylaşım edərək gərgin mühitdə istəmədən də olsa çaşqınlıq və bölünmə yaratdığı üçün incidilmiş və xəyanətə uğramış hiss edən hər kəsdən üzr istədiyini, heç vaxt kresloya yapışan biri olmadığını bildirib.

İlkin mərhələdə bu sözləri xatırlamadığını deyən sabiq nazir 2010-2012-ci illərdə Rumıniya Radio Yayım Qurumunun rəhbəri olduğu dövrdə Sovet işğalı zamanı rusların bu quruma vurduğu ziyanı aradan qaldırmaq üçün əlindən gələni etdiyini qeyd edib.

Seçilən
12
afn.az

1Mənbələr