AZ

“Reytinq naminə dürüstlükdən imtina edə bilmərik”

Rəqəmsal informasiya mühitində sürət jurnalistikanın əsas rəqabət amilinə çevrilib. Xəbəri hamıdan tez yayımlamaq auditoriyanı qorumaq üçün vacib sayılsa da, bu yarış bəzən medianın ən böyük kapitalı olan etibarlılığı zərbə altında qoyur. Yanlış və ya tam yoxlanılmamış məlumatların tirajlanması ictimai inamı sarsıdır və media qurumlarının nüfuzunu itirməsinə yol açır.

Bəs operativliklə dəqiqlik arasında balansı necə qorumalıyıq?

Tanınmış jurnalist Seymur Verdizadə məsələ ilə bağlı Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, medianın etibarını qorumaq üçün ilk növbədə faktların çoxsəviyyəli yoxlanılması prinsipi əsas götürülməlidir:

"Əslində, hər bir xəbər ən azı iki müstəqil mənbə tərəfindən təsdiqlənmədən yayımlanmamalıdır. Biz bunu edirikmi? Operativlik naminə peşəkarlığın arxa plana keçdiyini etiraf etməyə özümüzdə cəsarət tapmalıyıq. Peşəkarlıq tələb edir ki, redaksiyalarda 'sürətli yayım' və 'dəqiqlik yoxlaması' mərhələləri arasında funksional bölgü aparılsın. Bununla həm operativliyi qoruyar, həm də səhv riskini minimuma endirə bilərik. Təəssüf ki, hələlik bu məsələdə tam peşəkar davrandığımızı söyləmək çətindir."

Jurnalistin sözlərinə görə, etimadı bərpa etməyin digər mühüm şərti şəffaflıqdır. Media qurumları yanlış məlumat yayımladıqda bunu gizlətmək və ya xəbəri səssizcə silmək əvəzinə, açıq şəkildə düzəliş etməlidirlər:

"Hesab edirəm ki, səhvi vaxtında və dürüst şəkildə etiraf etmək oxucunun inamını zəiflətmir, əksinə gücləndirir. Bu, medianın öz auditoriyasına olan hörmətinin göstəricisidir". 

Texnoloji yeniliklərin medianın işini asanlaşdırdığını deyən S.Verdizadə, süni intellekt və avtomatlaşdırılmış sistemlərdən istifadə edərkən insan nəzarətinin mütləq olduğunu vurğulayıb:

"Texnologiya nə qədər inkişaf etsə də, o, yalnız dəstəkçi rol oynamalıdır. Son qərar və məsuliyyət həmişə jurnalistin üzərində qalmalıdır. Sürət əsrində medianın əsas dayağı texnologiya deyil, peşəkarlıq və etika olmalıdır. Reytinq və operativlik naminə keyfiyyətdən və dürüstlükdən imtina edə bilmərik".

Bizim.Media

Seçilən
6
1
bizim.media

2Mənbələr