ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 26 may, AZƏRTAC
Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavinləri Ruslan Ağamirzəyev və İsmayıl Nəsirov seminar-müşavirədə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyəti, dövlətimizin başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində çalışan iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğı, müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyindən danışıblar.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Seminar-müşavirədə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.




Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.