"Bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın.
Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir".
Bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib. Bəzi ölkələrin bu məsələnin həlli üçün imkan tapa, yaxud da ki, düzgün strategiya işləyə bilmədiyini bildirən dövlətimizin başçısı deyib:
“Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”.
Məsələ ilə bağlı millət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı ölkədə aqrar sahənin inkişafının aydın yol xəritəsidir:

“Burada çox ciddi məsələlər diqqətə çatdırılıb. Eləcə də insanların kəndlərdə məskunlaşması, onların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa diqqət ön plana çəkilib. Şəhər və kənd arasında müəyyən istiqamətlərin yolları göstərilib.
Cənab Prezident göstərib ki, biz şəhərdən kəndə axını sürətləndirməliyik. Şəhərdən kəndə qayıdış prosesi hər bir təşkilatın diqqət mərkəzində olmalıdır. Elə etməliyik ki, kəndlərdən şəhərə yox, şəhərlərdən kəndə qayıdış prosesi sürətləndirilsin.
Bu baxımdan regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi çox vacibdir. Çünki əhalinin demək olar ki, 50 faizi bilavasitə kənd təsərrüfatı sahələri ilə məşğul olan insanlardır. Bu, qarşıya qoyulmuş çox ciddi proqramdır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda bu məsələlər öz aydın əksini tapıb.
Kənddə məskunlaşma kəndin mədəni simasının dəyişilməsi, kəndlinin təsərrüfata bağlılığı, ərzaq bolluğu yaradılması, fərdi təsərrüfatların inkişafıdır. Təbii resurslardan, texnikadan, gübrələrdən və digər vasitələrdən səmərəli istifadə olunmasına imkanların yaradılmasıdır”.
Deputat qeyd edib ki, bu insanların maddi vəziyyətinin yaxşılaşdırılması üçün çox önəmlidir:
"Cənab Prezidentin bu çıxışı və qəbul olunmuş proqram ümid verir ki, Azərbaycanda kənd təsərrüfatı bundan sonra da inkişaf edəcək.
Bildirildiyi kimi, son illər kənd təsərrüfatına çox böyük vəsaitlər qoyulub. Bir çox layihələr, proqramlar həyata keçirilib. Ancaq ölkə rəhbərinin bildirdiyi kimi, uğurlar əldə olunsa da, müəyyən nəticələr hələ bizi qane etmir və bu nailiyyətlər mütləq artırılmalıdır.
Bu da elmi əsaslara, qabaqcıl təcrübəyə, müasir texnologiyaların tətbiqinə əsaslanmalı və hər bir tədbir vaxtında həyata keçirilməlidir. Dövlət proqramı və çıxışlarda qarşıya qoyulan vəzifələr gələcək perspektivlərə hesablanıb və bu, çox əhəmiyyətlidir”.