Bakı, 26 may, AZƏRTAC
WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış”da Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modelinin xüsusi qeyd olunması ölkənin son illərdə formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə diqqət çəkməsinin göstəricisidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu bildirib.
Onun sözlərinə görə, sənədin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, burada münaqişədən sonrakı bərpa prosesi yalnız infrastrukturun yenidən qurulması kimi deyil, insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə öz doğma torpaqlarına qayıdışını təmin edən kompleks yanaşma kimi təqdim edilir. Bu da müasir şəhərsalma və inkişaf siyasətində getdikcə daha çox qəbul olunan prinsipdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr, xüsusilə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, müasir nəqliyyat və kommunal infrastrukturun qurulması postmünaqişə bərpasının yeni modelinə çevrilmək potensialına malikdir. İkinci mühüm məqam məcburi köçkünlərin qayıdışı məsələsinin sənəddə xüsusi vurğulanmasıdır. Bu, faktiki olaraq beynəlxalq ictimaiyyətin uzunmüddətli məcburi köçkünlük problemini yalnız humanitar deyil, həm də inkişaf və insan hüquqları məsələsi kimi qiymətləndirdiyini göstərir.
Elnur Ənvəroğlu bildirib ki, qayıdışın davamlı olması üçün yaşayış məntəqələrinin yenidən qurulması, iqtisadi imkanların yaradılması və sosial xidmətlərin təmin edilməsi vacibdir.
“Qısa olaraq qeyd edim ki, “Bakı Fəaliyyətə Çağırış” bu yanaşmanı dəstəkləməklə postmünaqişə siyasətinə daha geniş baxış təqdim edir. Sənədin digər diqqətçəkən tərəfi “urbisid” – şəhərlərin məhv edilməsi anlayışının ön plana çıxarılmasıdır. Son illərdə beynəlxalq müzakirələrdə şəhərlərin və yaşayış məntəqələrinin qəsdən məhv edilməsinin ayrıca problem kimi tanınmasına maraq artıb. Münaqişələr nəticəsində şəhər mühitinin dağıdılması təkcə binaların məhvi deyil, həm də sosial, mədəni və iqtisadi həyatın sıradan çıxarılması deməkdir. Urbisidin qlobal problem kimi qeyd olunması gələcəkdə münaqişələrin nəticələrinin qiymətləndirilməsi və bərpa proqramlarının hazırlanması üçün yeni normativ çərçivələrin formalaşmasına təsir göstərə bilər”, - deyə siyasi şərhçi vurğulayıb.
O əlavə edib ki, “Bakı Fəaliyyətə Çağırış”ın beynəlxalq yanaşmalara təsiri perspektivdə bir neçə istiqamətdə özünü göstərə bilər. Birincisi, münaqişədən zərər çəkmiş regionların bərpasında davamlı inkişaf, yaşıl enerji və rəqəmsal həllərin daha geniş tətbiqi təşviq oluna bilər. İkincisi, məcburi köçkünlərin qayıdışı şəhərsalma və inkişaf gündəliyinin ayrılmaz hissəsinə çevrilə bilər. Üçüncüsü, şəhərlərin qəsdən dağıdılmasının beynəlxalq səviyyədə daha ciddi hüquqi və siyasi qiymətləndirilməsi üçün zəmin yarana bilər. “Bakı Fəaliyyətə Çağırış” yalnız bir forumun yekun sənədi deyil. Bu sənəd postmünaqişə bərpası ilə bağlı gələcək beynəlxalq müzakirələrdə yeni istiqamətlərin formalaşmasına töhfə verə biləcək siyasi və konseptual çərçivə kimi dəyərləndirilməlidir. Azərbaycan təcrübəsinin sənəddə ayrıca vurğulanması ölkənin bərpa və reinteqrasiya sahəsində topladığı təcrübənin qlobal səviyyədə nümunəyə çevrilməsinin açıq sübutudur.
Müxbir – Səbinə Əlizadə