Bildiyimiz kimi, uşaqların bağçaya qəbulu zamanı valideynlərin əsasən iki seçimi olur: dövlət və özəl bağçalar. Son illərdə isə bir çox valideyn daha çox özəl bağçalara üstünlük verir.
Bəs maraqlıdır, dövlət və özəl bağçalar arasındakı əsas fərqlər nələrdir? Valideynlər seçim edərkən daha çox hansı məqamlara diqqət yetirməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan məktəbəqədər təhsil üzrə mütəxəssis, ADPU-nun müəllimi Xalidə Həmidova bildirdi ki, Azərbaycanda özəl bağça sektoru son 15-20 il ərzində formalaşıb:
"Dövlət bağçaları isə təxminən 100 ilə yaxındır fəaliyyət göstərir. Bu baxımdan dövlət bağçaları daha köklü, daha sistemli, fəaliyyəti daha tənzimlənmiş qurumlar hesab olunur və əsasən dövlət nəzarəti, dövlətin müəyyən etdiyi qaydalar və təlimatlar əsasında fəaliyyət göstərirlər. Ona görə də valideynlər dövlət bağçalarını seçərkən özlərini daha rahat hiss edirlər. Çünki bilirlər ki, burada davamlı nəzarət mövcuddur".
Onun sözlərinə görə, özəl bağçalarda isə müəyyən problemlər var:
"Belə ki, özəl bağçalara nəzarət tam şəkildə tənzimlənmir və bəzi bağçalar istifadə etdikləri proqramlara uyğun müəllim heyətinin olub-olmamasından asılı olmayaraq istədikləri formada fəaliyyət göstərirlər. Hətta bir çox özəl bağçaların lisenziyası belə yoxdur, yəni dövlət tərəfindən təsdiqlənmiş rəsmi fəaliyyət statusuna malik deyillər. Bu səbəbdən valideyn bağça seçimi etməzdən əvvəl mütləq həmin bağçanın lisenziyasının olub-olmamasına, dövlət nəzarətində fəaliyyət göstərib-göstərməməsinə, hansı proqram əsasında işləməsinə diqqət etməlidir. Eyni zamanda həmin proqram üzrə sertifikatlı müəllimlərin olub-olmaması, müəllimlərin məktəbəqədər təhsil ixtisası üzrə təhsil alıb-almaması, həmçinin dil daşıyıcılarının peşəkarlığı da araşdırılmalıdır".

Müsahibimizin fikrincə, bəzi valideynlər bağçanın ümumi görüntüsünə, reklamına və zahiri fəaliyyətlərinə aldanaraq seçim edirlər
"Bu isə doğru yanaşma deyil. Valideyn mütləq qeyd etdiyimiz bütün meyarları nəzərə almalı və həmin kriteriyaların bağçada mövcud olub-olmadığını araşdırmalıdır. Əgər bu kriteriyalar yoxdursa, valideyn uşağını həmin bağçaya yerləşdirməklə bağlı ciddi şəkildə düşünməlidir. Ümumilikdə isə valideyn dövlət və ya özəl bağça seçimi məsələsində tərəddüd etməməlidir. Çünki ölkədə kifayət qədər keyfiyyətli özəl bağçalar fəaliyyət göstərir və onların uzun illərə söykənən təcrübəsi var. Məsələn, reklam xarakteri daşımamaq şərtilə, uzun illərdir fəaliyyət göstərən bəzi özəl bağçalar artıq müəyyən təcrübə formalaşdırıblar və özlərini doğrulda biliblər. Digər vacib məqam isə qiymət məsələsidir. Bəzən valideynlər çox aşağı məbləğə fəaliyyət göstərən bağçaları seçirlər. Halbuki 200–300 manatlıq ödənişlə bir uşağın bir ay ərzində keyfiyyətli şəkildə təmin olunması real görünmür. Burada valideyn düşünməlidir ki, həmin bağçada qidalanmanın keyfiyyəti necədir, müəllim heyətinin peşəkarlıq səviyyəsi nə yerdədir, müəllimlər standartlara cavab verirmi və uşaqlarla işləmək üçün yetərli imkanlara malikdirmi. Yəni bütün bu kriteriyalar nəzərə alınmalıdır", - deyə mütəxəssis yekunlaşdırdı.
Xədicə BAXIŞLI