AZ

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

ABŞ-nin kosmik şirkəti “SpaceX” tarixinin ən böyük IPO-larından (ən böyük ilkin kütləvi yerləşdirmə) birinə hazırlaşır. Şirkətin birjada səhmlərini satışa çıxarması ilə İlon Mask dünyanın ilk trilyoner insanı ola bilər.

“Deutsche Welle” telekanalı xəbər verir ki, 24 ildir fəaliyyət göstərən “SpaceX” yeni investorlar cəlb etmək üçün IPO planı hazırlayıb. 

Məlumata görə, şirkət təxminən 75 milyard dollar investisiya toplamağı hədəfləyir. Bu baş verərsə, “SpaceX”in ümumi bazar dəyəri 1,75 trilyon dollara çata bilər. İlon Maskın şirkətdə təxminən 42 faiz paya sahib olduğu bildirilir. Bu isə onun “SpaceX”dəki sərvətini təxminən 735 milyard ABŞ dollarına yüksəldə bilər. İ.Maskın digər şirkətləri “Tesla”, “xAI” və başqa layihələri də nəzərə alınarsa, ümumi sərvətinin 1 trilyon dolları keçə biləcəyi deyilir.

“SpaceX” sadəcə raket uçuşları ilə kifayətlənmək istəmir. Şirkətin əsas məqsədi Marsda insanların yaşaya biləcəyi şəhərlər qurmaqdır. Planlara görə, 2030-cu illərdə “Starship” kosmik gəmisi ilə Marsa pilotsuz missiyalar göndəriləcək. Şirkət, həmçinin asteroidlərdən qiymətli metallar çıxarmaq, Ayda baza yaratmaq və kosmosda süni intellekt məlumat mərkəzləri qurmaq kimi layihələr üzərində işləyir. İ.Mask hesab edir ki, orbitdə yerləşən məlumat mərkəzləri günəş enerjisindən istifadə edərək daha ucuz və effektiv işləyə bilər. Lakin layihələr böyük risklər də daşıyır. “SpaceX” 2025-ci ildə təxminən 5 milyard ABŞ  dolları zərər etdiyini açıqlayıb. Şirkət “Starship” proqramı, peyk layihələri və süni intellekt infrastrukturu üçün böyük vəsait xərcləyir. IPO sənədlərində kosmik radiasiya, orbital tullantılar və kosmik uçuş zamanı ölüm riskləri kimi təhlükələr də qeyd olunub. Şirkət gələcəkdə gəlir əldə edə bilməmə ehtimalının da olduğunu bildirib. Əgər IPO uğurlu olarsa, “SpaceX”, “Apple”, “Microsoft” və “NVIDIA” kimi dünyanın ən böyük şirkətləri sırasına daxil ola bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr