AZ

"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya

Cəmiyyətdə istifadə olunan sözlər və ifadələr zaman keçdikcə dəyişir, bəzi anlayışlara münasibət də fərqli formada formalaşır.

Xüsusilə gündəlik danışıq dili ilə yanaşı, qanunvericilikdə işlədilən terminlərin də müasir dövrün yanaşmalarına uyğunlaşdırılması məsələsi tez-tez müzakirə olunur.

Milli Məclisdə keçirilən müzakirələr zamanı deputat Bəhruz Məhərrəmov bu məsələyə toxunaraq bildirib:

“Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Ola bilsin ki, nə zamansa bu, qəbulolunan ifadə olub, amma dil inkişafdadır, münasibətlərin inkişafı, təbii ki, semantikanın da transformasiyası deməkdir.

Amma açıq deyək, bu gün heç bir xanım ona qeyd etdiyim bu ifadə ilə müraciət edilməsini arzulamaz. Ona görə də, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar.

İkinci vacib məqam - dəfələrlə qeyd etmişik, bir daha vurğulamaq istəyirəm - gender məsələlərindən danışarkən xüsusi ehtiyatlı davranmalıyıq. Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib”.

"Arvad’ sözünün Azərbaycan dilində işlənməsi bu gün dil norması və müasir üslub baxımından nə dərəcədə doğru və ya yanlışdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında  Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dosenti, dilçi alim Elşad Abışov bildirib ki, bu sözün xalq danışıq dilində işlənməsi təbii sayılsa da, ədəbi dildə və rəsmi ünsiyyətdə daha uyğun ifadələrə üstünlük verilməsi dil mədəniyyətinin inkişafı kimi qiymətləndirilir:

“Arvad sözü xalq danışıq dilində istifadə olunur. Bu söz daha çox dialekt və şivələrdə işlənir. Təbii ki, ədəbi dildə “arvad” sözünə rast gəlinmir. Milli Məclisdə bu məsələnin müzakirə olunması və bunun normadankənar ifadə kimi qəbul edilməsi tam təbii və qanunauyğundur. 

Ümumiyyətlə, heç kimin ixtiyarı yoxdur ki, hər hansı sözü qanunla qadağan etsin. Nə belə bir qanun qəbul oluna bilər, nə də inanmıram ki, Milli Məclis belə bir addım atsın. Burada söhbət ondan gedir ki, bu cür loru və xalq danışıq dilinə aid ifadələrin ədəbi dildə işlədilməsi məqsədəuyğun hesab edilmir. 

Yəni ziyalı təbəqənin və ictimai şəxslərin bacardığı qədər bu ifadələrdən istifadə etməməsi tövsiyə olunur. Burada qadağadan söhbət getmir. Yəni kimsə bu ifadəni işlətdiyinə görə cərimələnməyəcək və ya ona cinayət işi açılmayacaq. Sadəcə məqsəd odur ki, normadan kənar hesab olunan bu tip ifadələrdən mümkün qədər az istifadə olunsun”.

O qeyd edib ki, “arvad” sözündən bir çox qadın narahat olur və bu müraciət formasını kobud hesab edir:

“Halbuki əvvəlki dövrlərdə bu ifadə adi və geniş yayılmış müraciət forması idi. Xüsusilə XX əsrin əvvəllərində və sovet dövrünün ilk illərində kişilər gündəlik danışıqda həyat yoldaşlarına “bizim arvad” deyə müraciət edirdilər. 

Hətta 50-60-cı illərin bədii əsərlərində də kişilərin həyat yoldaşlarının adını çəkmədiyi, “bizim qarı”, “bizim qadın” kimi ifadələr işlətdiyi açıq şəkildə görünür. Bu, həmin dövrün ictimai düşüncəsi və ailə münasibətləri ilə bağlı idi.

Amma zaman keçdikcə cəmiyyət dəyişir, insanların dünyagörüşü yenilənir, təhsil səviyyəsi artır və dilə münasibət də fərqli olur. Bu gün insanlar münasibətlərdə daha nəzakətli və etik ifadələrə üstünlük verməyə çalışırlar. Buna görə də “həyat yoldaşı”, “xanım”, qadın” kimi ifadələrin istifadəsi daha uyğun hesab edilir.

Dil canlı bir orqanizmdir, zamanla dəyişir və yenilənir. Necə ki, əvvəllər normal qəbul edilən bəzi sözlər bu gün köhnəlmiş və ya uyğun olmayan ifadə kimi qəbul olunur, eyni şəkildə bəzi müraciət formalarının da dəyişməsi təbii prosesdir. Bu baxımdan, məqsəd hansısa sözü qadağan etmək deyil, ədəbi dilin normalarını qorumaq və daha uyğun ifadələrin istifadəsini təşviq etməkdir.”

“Arvad” sözünün qadınların psixologiyasına necə təsir etməsi iə bağlı psixoloq Gülnar Ağayeva bildirib ki, gündəlik danışıqda və ya rəsmi müstəvidə qadın yerinə “arvad” ifadəsinin işlədilməsi bəzi hallarda qadınlarda dəyərsizləşdirilmə hissi yarada bilər:

“Xüsusilə bu söz aşağılayıcı tonla səsləndirildikdə, qadının özünəinamına, sosial qəbul hissinə və emosional vəziyyətinə mənfi təsir göstərə bilir. Yəni dil təkcə ünsiyyət vasitəsi deyil, həm də cəmiyyətdə insanlara münasibətin göstəricisidir.

Uzun illər müəyyən sözlərin kobud və ya stereotip mənada işlədilməsi qadınların özlərini ikinci planda hiss etməsinə səbəb ola bilər. Bu isə xüsusilə yeniyetmə qızlarda və həssas psixoloji dövrdə olan insanlarda özünüqiymətləndirməyə təsir edir. 

Hörmət və bərabərlik hissini gücləndirən ifadələrin seçilməsi ailədaxili münasibətlərə və cəmiyyətin psixoloji sağlamlığına da müsbət təsir göstərir”.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr