ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün Milli Məclisin deputatı Əli Məsimli çıxışı zamanı qadınların pensiya yaşı və çoxuşaqlı ailələrlə bağlı məsələlərə toxunub.
O, Azərbaycanda qadınlar üçün pensiya yaşının 65 olmasını yüksək hesab etdiyini bildirib və erkən pensiya hüququnun genişləndirilməsini təklif edib. Deputatın əsas təklifi isə “çoxuşaqlı ailə” anlayışının yenidən müəyyənləşdirilməsi ilə bağlıdır. O, bu anlayışın 5 uşaqdan 3 uşağa endirilməsini məqsədəuyğun hesab edir. Əli Məsimlinin fikrincə, bu dəyişiklik qəbul olunarsa, analar 5 il daha tez pensiyaya çıxa bilər, daha çox ailə dövlət müavinətlərindən yararlanar və 3 və daha çox uşaqlı ailələr üçün əlavə stimullar formalaşar.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirdi ki, Əli Məsimlinin fikirləri ilə razıdır:
"Lakin hazırkı mövcud vəziyyətdə bu yanaşmanın birdən-birə tətbiqi mümkün deyil. Fikirlərimi onunla əsaslandıra bilərəm ki, dövlət büdcəsinin gəlirlərini artırmadan belə bir qərar əksinə hər il büdcə xərclərinin artmasına səbəb ola bilər. Buna görə də ilk növbədə ölkədə doğum səviyyəsinin yüksəldilməsi, həmçinin əmək qabiliyyətli əhalinin sayının artırılması vacibdir. Əks təqdirdə, yaşlı əhalinin payı artacaq, onların pensiya təminatı və sosial-iqtisadi xərcləri də yüksələcək. Belə bir mühitdə gələcəkdə işçi qüvvəsi kimi xarici vətəndaşları ölkəyə dəvət edib çalışdırmaq zərurəti yarana bilər. Anaların daha tez pensiyaya çıxması və çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi, əslində, müsbət təşəbbüsdür. Məsələn, 65 yaşında pensiyaya çıxmaq əvəzinə 5 il daha tez - 60 yaşında çıxmaq imkanı yaradıla bilər. Lakin burada sual yaranır: uşaqların təminatı necə olacaq? Nəzərə almaq lazımdır ki, ölkədə uşaqpulu verilmir. 5 il tez təqaüdə çıxmanı əmək stajı olmayan bir qadın üçün hesablasaq, 12×210×5 = 12.600 manat edir. Şəxsin pensiya yaşına çatmadan əvvəl vəfat etmə ehtimalı da nəzərə alınmalıdır".
İqtisadçının fikrincə, ilk növbədə real imkanlar dəyərləndirilməli və real sosial layihələr hazırlanmalıdır.
"Məsələn, 60 yaşdan yuxarı vətəndaşların ictimai nəqliyyatdan və kommunal xidmət ödənişlərindən azad edilməsi daha məqsədəuyğun ola bilər. Bundan əlavə, uşaqpulunun verilməsi bu gün üçün daha real və effektiv addım kimi görünür, nəinki nəvəyə sahib olacağı yaşda erkən təqaüd. Əsas məsələlərdən biri də həmin insanların passiv həyat tərzindən aktiv həyata qaytarılmasıdır. Məlumdur ki, orta yaşdan yuxarı vətəndaşlar tez-tez işsizlik problemi ilə qarşılaşır. Ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti də nəzərə alınmalıdır. Gənclər də artıq bu sahəyə maraq göstərmir. Buna görə düşünürəm ki, subsidiya, dotasiya və əlavə ödəniş mexanizmləri ilə həmin vətəndaşlar, ABŞ-dəki kimi kiçik fermer təsərrüfatları ilə məşğul ola bilərlər. Təbii ki, bu, bütün yaşlı və ya əmək qabiliyyəti olmayan vətəndaşlara aid deyil. Elə bir sistem qurulmalıdır ki, ölkə iqtisadiyyatında aktivlik yaransın", - deyə G.Hüseynova yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.