“Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsinə aydınlıq gətirib.
Arena.az xatırladır ki, “Milan” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünü 5-ci pillədə başa vuraraq, UEFA Çempionlar Liqasında iştirakdan məhrum olub.
“Rossoneri”nin məhz bu səbəbdən istefaya göndərilmiş baş məşqçisi, italyan mütəxəssis Massimiliano Alleqri müvafiq uğursuzluğa belə şərh verib:
“5 ev oyununda məğlub olduqdan sonra, yüksəkdə mövqe tutmağa layiq deyilik. Yarış cədvəli yalan danışmır, layiq olduğumuzu aldıq”, deyə təcrübəli məşqçi vurğulayıb.
“Milan”dan ayrılmış Alleqrinin işsiz günləri elə də uzun sürməyə bilər. Onun başqa bir yüksək səviyyəli komandanı çalışdıra biləcəyi haqda məlumat var. Söhbətin, “Napoli”dən getdiyi vurğulanır. “Milan” rəhbərliyi isə yayda “Bornmut”dan ayrılacaq ispan mütəxəssis Andoni İraola ilə maraqlanır. “Milan”ın İraola ilə əlaqəyə çıxdığı haqda məlumat var, amma təfərrüat açıqlanmır.
Geridə qalmış mövsümdəki uğursuzluq “Milan” rəhbərliyini qəti addımlar atmağa təhrik edib. Vurğulanır ki, yayda “rossoneri”nin heyətində “böyük inqilab” gözlənilir: “yaramaz” oyunçuların satışının gerçəkləşdiriləcəyi bildirilir.
