AZ

Fazil Mustafa: “Ləzgi, talış, kürd əsilli vətəndaşımız hansısa sözü fərqli söyləsə, küyə gedib lağlağı orkestri yaradacaqsınız?”

Milli Məclisin deputatı Fazil Mustafa həmkarı Azər Badamovun işlətdiyi “vahid bilet” sözünün lağa qoyulmasını tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, F.Mustafa deyib ki, bunun adı yalnız mədəniyyətsizlik deyil, bunun adı həm də insansevməzlikdir.

 

“Nəyi məsxərəyə qoyursunuz? Azərbaycan dövlətinin maraqlarını hər zaman canü-dildən qoruyan, separatizmə qarşı ən sərt mövqe sərgiləyən ləzgi əsilli vətəndaşımızın Azərbaycan dilində ifadəsini başqa mənada yozaraq nə etdiyinizin fərqindəmisiniz? Ola bilsin ki, hansısa sözü bir ləzgi, bir talış, bir rus, bir kürd əsilli vətəndaşımız bir qədər fərqli söyləsin, yanlış tələffüz etsin, o halda küyə gedib lağlağı orkestri yaradacaqsınız? Bunun adını nə qoyaq, siz yalnız əsl Azərbaycan vətənpərvəri olan millət vəkili Azər Badamovu incitmirsiniz, dəyərimiz, sərvətimiz, tale qardaşımız olan bütün xalqların nümayəndələrini incidirsiniz! Məgər unutmusunuz, yaxın tarixdə Azər bəyi Azərbaycanı hədələyən rus şovinistlərinə verdiyi sərt cavablara görə Rusiyadan deport etmişdilər. Sizin rus şovinistlərindən doğrudanmı fərqiniz yoxdur? Kimisə deputat kimi sevməyə bilərsiniz, müxalifətdə və ya sosial narazı statusunda ola bilərsiniz, ancaq bu etdiyiniz bir dövlət çatısı altında birliyimizə qəsddir, bütövlüyümüzə vurulan zərbədir. Kiməsə bu epizod sadə görünə bilər, ayıq-sayıq, ağıllı insanlarımız nə demək istədiyimi əminəm ki, anladılar”, - o qeyd edib.

Tarix: 26 May 2026, 21:02   
Seçilən
31
5
pravda.az

9Mənbələr