AZ

Netanyahu Livanda TƏZƏ cəbhə açır - Yeni müharibə ANONSU

Yaxın Şərqdə onsuz da kövrək olan hərbi-siyasi balans yenidən pizulub. Belə ki, İsrail ordusunun Livanın cənubunda yaratdığı və “Sarı xətt” adlandırdığı təhlükəsizlik zonasının hüdudlarından kənara çıxaraq quru əməliyyatlarını genişləndirməsi bölgədə yeni eskalasiya mərhələsinin başlandığı barədə xəbərdarlıqları artırıb.

Müsavat.com xəbər verir ki, İsrailin Baş naziri Benjamin Netanyahu son açıqlamalarında ordunun Livanda nəzarət edilən əraziləri ələ keçirdiyini və təhlükəsizlik zolağını möhkəmləndirdiyini bildirib. Bu bəyanat Təl-Əvivin artıq yalnız sərhəd boyunca müdafiə mövqeyi tutmadığını, eyni zamanda, Livan ərazisinin daha dərin hissələrində hərbi fəaliyyətə hazır olduğunu göstərən siqnal kimi qiymətləndirilir. İsrail hərbi rəhbərliyi əməliyyatların məqsədinin "Hizbullah"ın istifadə etdiyi hərbi infrastrukturun sıradan çıxarılması olduğunu bildirir. Ordunun məlumatına görə, hədəflər arasında optik lif rabitə xətləri, pilotsuz uçuş aparatlarının buraxılış meydançaları və İsrail mövqelərinə hücumlarda istifadə edilən digər obyektlər yer alır.

Son həftələrdə "Hizbullah"ın radioelektron mübarizə sistemləri tərəfindən aşkarlanması və ya sıradan çıxarılması çətin olan fiber-optik idarəetməli kamikadze dronlardan istifadə etdiyi, nəticədə İsrail hərbçiləri arasında ölən və yaralananların olduğu bildirilir. Lakin məsələ təkcə hərbi hədəflərlə məhdudlaşmır. İsrailin ötən aylarda Livanın cənubunda yaratdığı və təxminən 5-10 kilometrlik ərazini əhatə edən “Sarı xətt” təhlükəsizlik zonası artıq beynəlxalq mübahisə predmetinə çevrilib. Təl-Əviv bu zonanı şimal yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün zəruri tədbir kimi təqdim edir. İsrail rəsmilərinin fikrincə, sərhəd boyunca bufer zonanın yaradılması "Hizbullah"ın raket və dron hücumlarının qarşısını almağa imkan verir. Beyrut isə tamamilə fərqli mövqedən çıxış edir. Livan hökuməti və "Hizbullah" İsrailin nəzarətində qalan əraziləri işğal olunmuş torpaq hesab edir. Onların fikrincə, bufer zona adı altında Livan ərazisinin faktiki hərbi nəzarətə götürülməsi beynəlxalq hüququn və mövcud atəşkəs razılaşmalarının pozulması deməkdir.

"Hizbullah" İsrailin son əməliyyatlarını Livanın suverenliyinə qarşı açıq müdaxilə adlandırır. Bildirir ki, İsrail qoşunlarının Livan torpaqlarında mövcudluğu qanunsuzdur və həyata keçirdikləri hücumlar həmin hərbi mövcudluğa cavab xarakteri daşıyır. Beyrut rəsmiləri isə beynəlxalq ictimaiyyəti vəziyyətə müdaxilə etməyə, xüsusilə də BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam icrasını təmin etməyə çağırırlar. Məhz burada əsas siyasi dilemma yaranır. İsrail öz hərəkətlərini müdafiə və təhlükəsizlik tədbiri kimi təqdim edir. Livan isə eyni addımları ərazi bütövlüyünə təhdid və işğalın genişləndirilməsi kimi qiymətləndirir. Nəticədə tərəflər eyni hadisəyə diametral şəkildə fərqli baxır və bu ziddiyyət diplomatik həll imkanlarını daha da çətinləşdirir.

İsrail ordusunun ilk dəfə olaraq yalnız təhlükəsizlik zolağını saxlamaqla kifayətlənməməsi, onun hüdudlarından kənara doğru irəliləməsi davam edərsə, Livanın cənubunda daha geniş quru əməliyyatlarının başlanması ehtimalı artır. Belə bir ssenari isə yalnız İsrail və "Hizbullah" arasında deyil, bütövlükdə regionda yeni təhlükəsizlik böhranına yol aça bilər. Yaxın Şərq son illərdə dəfələrlə müharibə ilə sülh arasındakı incə xətt üzərində hərəkət edib. İndi isə görünür ki, Livanın cənubunda çəkilmiş “Sarı xətt” təkcə xəritədəki sərhəd deyil, həm də regionun gələcəyini müəyyən edə biləcək yeni geosiyasi cəbhəyə çevrilməkdədir. Bu xəttin aşılması isə qarşıdakı günlərdə hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə dair ən mühüm göstəricilərdən biri olacaq.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr