Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Onlardan biri Naxçıvan şəhəri, M.C.Cəfərov adına 14 nömrəli tam orta məktəbdə təhsil alan Əli Cəfərlidir.
Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi” onunla söhbətləşib.
Əli nəticələrin açıqlandığını ilk olaraq dostundan öyrəndiyini deyir. Onun sözlərinə görə, dostu nəticələrin artıq elan olunduğunu deyəndən sonra özü də internetlə nəticəsinə baxıb. Bu xəbəri ilk paylaşdığı şəxslər isə atası və yaxın dostları olub.
Belə yüksək nəticə əldə etməsinə baxmayaraq, Əli imtahandan əvvəl özünə tam əmin olmadığını da deyir. Bildirir ki, imtahanın yaxşı keçdiyini hiss etsə də, yenə də nəticə ilə bağlı müəyyən tərəddüdləri olub:
“Düşünürdüm ki, yaxşı yazmışam. Sonradan cavabları yoxlayanda qapalı tipli suallarda səhvimin olmadığını gördüm. Amma yenə də müəyyən qədər şübhələrim var idi”.
İmtahana hazırlıq prosesindən danışan şagird bildirir ki, mütəmadi şəkildə çalışıb və hazırlıq dərslərində iştirak edib. Onun sözlərinə görə, uğurlu nəticənin əsas səbəblərindən biri planlı şəkildə hazırlaşmaq və vaxtı düzgün idarə etməkdir.
Hazırda 9-cu sinif şagirdi olan Əli gələcək planları barədə də danışıb. O, təhsilini gələcəkdə xaricdə davam etdirmək istədiyini bildirib. İxtisas seçimi ilə bağlı düşüncələrinin artıq formalaşdığını deyən Əli birinci ixtisas qrupunu seçməyi planlaşdırır:
“Kompüter sahəsinə marağım var və gələcəkdə bu istiqamətdə inkişaf etmək istəyirəm”.
Yüksək nəticə əldə etmək istəyən digər şagirdlərə də tövsiyələrini bölüşən Əli hesab edir ki, uğur qazanmaq üçün yalnız dərslərə qapanmaq düzgün yanaşma deyil. Deyir ki, təhsil və şəxsi inkişaf paralel şəkildə davam etməlidir:
“Əlbəttə, dərsləri yaxşı oxumaq lazımdır. Amma insan təkcə özünü dərslərə qapatmamalıdır. Müxtəlif fəaliyyətlərdə iştirak etmək, sosiallaşmaq da vacibdir”.
Şagird həmçinin indiyədək müxtəlif yarış və olimpiadalarda da iştirak etdiyini bildirib. Xüsusilə riyaziyyat sahəsinə maraq göstərən Əli bir sıra müsabiqələrdə özünü sınayıb.
Dərslərlə digər fəaliyyətləri birlikdə davam etdirməyin çətin olub-olmaması ilə bağlı suala cavab verən Əli bildirib ki, ümumilikdə ciddi problem yaşamayıb.
Onun gələcək hədəfləri isə artıq indidən müəyyənləşib – kompüter sahəsində inkişaf etmək və təhsilini beynəlxalq müstəvidə davam etdirmək.