Böyük Britaniyanın qabaqcıl həkimləri sosial şəbəkələrin uşaqlar üçün yaratdığı təhlükəni siqaret çəkməyin fəsadları ilə müqayisə ediblər.
AzEdu.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.
Tibb işçiləri qanunverici orqanları gənclərin qadcet (smartfon və planşet) ekranları qarşısında həddindən artıq vaxt keçirməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıblar. Bu məqsədlə Kral Tibb Kollecləri Akademiyası uşaqların internet mühitində qorunması ilə bağlı hökumətə rəsmi müraciət ünvanlayıb.
Böyük Britaniya və İrlandiyanın 23 tibb cəmiyyətini özündə birləşdirən sözügedən qurum rəqəmsal texnologiyalardan nəzarətsiz istifadənin gənc nəslin fiziki və psixi sağlamlığına ciddi şəkildə mənfi təsir göstərdiyini vurğulayıb.
Keçirilən sorğunun nəticələrinə əsasən, həkimlərin yarısından çoxu hər həftə bu cür zərərlərin fəsadları ilə qarşılaşdıqlarını bildiriblər. Söhbət həm internetdəki ekstremal çağırışlar səbəbindən yaranan fiziki xəsarətlərdən, həm də zorakılıq səhnələrini izlədikdən sonra yaranan ağır psixoloji problemlərdən gedir.
Hazırda Britaniyada 16 yaşa qədər uşaqlar üçün sosial şəbəkələrin tamamilə qadağan edilməsi, həmçinin internetdən istifadəyə komendant saatı və tətbiqlərə limitlərin qoyulması müzakirə olunur.
Ölkənin texnologiyalar naziri Liz Kendall "BBC News" telekanalının efirində bəyan edib ki, hökumət yaranan problemlərlə əlaqədar mütləq hərəkətə keçəcək. Artıq yüzlərlə britaniyalı ailə bu məhdudiyyətləri könüllü olaraq sınaqdan keçirməyə başlayıb, lakin gənclərin bir hissəsi qadağaların əleyhinə çıxış edir.