AZ

“Space” tezliklə yeni mühüm nailiyyətlər qazanacaq”

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu günlərdə "Space" televiziyasına yeni baş direktor təyin edildi. Televiziyanın təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirildi. Bu təyinat təkcə rəhbər dəyişikliyinə görə diqqət çəkmir, həm də kanalın gələcək fəaliyyət istiqamətləri ilə bağlı yeni gözləntilər formalaşdırır. Onun müxtəlif ölkələrdə çalışmaqla əldə etdiyi diplomatik və media təcrübəsi nəzərə alınaraq, onun rəhbərliyi ilə “Space” televiziyasında yeni layihələrin həyata keçirilməsi, idarəetmə sistemində yenilənmələr və tamaşaçı auditoriyasına daha müasir məzmunun təqdim olunması gözlənilir. 

Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq,  oranı fərqlənmə diplomu ilə bitirib. 2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb.  Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb. Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AzTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb. Peşəkar inkişaf yolunda bir sıra ixtisasartırma proqramlarında iştirak edib və sertifikatlar qazanıb. Bunlara Young Diplomats Forum (London), həmçinin insan resurslarının və layihələrin idarə olunması üzrə təlim (Sinqapur Xarici İşlər Nazirliyi) daxildir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, “Space”dəki “İnam” verilişinin müəllifi və aparıcısı Seyid Camal Əzimbəyli hesab edir ki, bu kanalın yaxın dövrdə mühüm yeniliklərlə diqqət çəkəcəyi ilə bağlı gözləntilər kifayət qədər yüksəkdir.

“İnam”ın aparıcısı bu fikirdədir ki, müasir dövrdə televiziya sektoru əvvəlki illərlə müqayisədə tamamilə fərqli mərhələyə qədəm qoyub. Əgər bir zamanlar televiziya yalnız ənənəvi yayım vasitəsi kimi qəbul edilirdisə, hazırda rəqəmsal texnologiyalar, sosial media platformaları və internet üzərindən yayımlanan məzmun informasiya mühitinin əsas hissəsinə çevrilib. Bu dəyişikliklər televiziya kanallarını da fəaliyyətlərini yenidən qurmağa və müasir tələblərə uyğunlaşdırmağa məcbur edir: “Ayaz Mustafayevin “Space”də tamaşaçı auditoriyasının diqqətini cəlb etmək, proqram siyasətinin yenilənməsi, informasiya, xəbər məzmununun gücləndirilməsi, rəqəmsal platformalara inteqrasiyanın artırılması, gənc auditoriyaya yönəlmiş layihələrin hazırlanması, idarəetmə və təşkilati strukturun təkmilləşdirilməsi kimi mühüm yeniliklər edəcəyinə əsaslı ümidlər var.  Həyata keçiriləcək müsbət dəyişikliklər və yeni yanaşmalar “Space” televiziyasının media məkanındakı mövqeyini daha da gücləndirəcək və nüfuzunu daha da artıracaq”. 

C.Əzimbəylinin qənaətinə görə, A.Mustafayevin rəhbərliyi ilə “Space” də qısa müddətdə mühüm dəyişikliklərin şahidi olacağıq:

“Ayaz Mustafayev çox intellektual və işini bilən bir insandır. “Space” televiziyasının, demək olar ki, bütün heyəti Ayaz müəllimin işə başladıqdan sonra az müddətdə apardığı islahatları təqdir edir. Vaxtilə bu televiziyanın xeyir-duasını Ümummilli Liderimiz Heydər Əliyev verib. Amma ictimai rəydə, bəzi xəbər saytlarında “Space”nin bağlanacağını deyənlər düzgün olmayan informasiya yaymaqla kanalın əməkdaşlarını üzürdülər. Təbii ki, bunun əksi baş verdi. “Space”ə onun nüfuzunu daha da artıracaq, mühüm yeniliklərə imza atacaq bir rəhbər gətirildi  və kanal bu gün öz işini davam etdirir. Bütövlükdə, hadisələri müşahidə edən şəxs kimi və proseslərin içində olan bir ziyalı, bu televiziyada layihə müəllifi olaraq bildirmək istəyirəm ki, Ayaz müəllim tez bir zamanda “Space” ailəsi ilə isti münasibət qura bildi, hər kəslə yaxından, səmimi şəkildə maraqlandı. Xüsusilə Azərbaycanın peşəkar televiziya işçiləri ilə ardıcıl məsləhətləşmələr aparması onu deməyə əsas verir ki, Ayaz Mustafayevin fəaliyyəti nəticəsində “Space” tezliklə yeni mühüm nailiyyətlər qazanacaq. Mən Ayaz müəllimə görüşüb ona uğurlar diləmişəm. Bir daha uğurlar arzulayır və inanıram ki, onun peşəkar fəaliyyəti “Space” televiziyasının uğurlarını daha da çoxaldacaq”. 

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
525.az

1Mənbələr