AZ

Azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb.

Həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib. Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq.

Qeyd edək ki, Qurban bayramı günlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aparatının regional bölmələri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Seçilən
0
11
ikisahil.az

10Mənbələr