Azərbaycanda quru sərhədlər illərdir bağlı qaldığı halda, insanların əsas ümid yeri hava nəqliyyatı olub. Lakin aviabiletlərin qiyməti o həddə çatıb ki, artıq bir çox ailə üçün təyyarə ilə səyahət əlçatmaz görünür. Vətəndaşlar region ölkələri ilə müqayisədə daha baha biletlərlə üzləşdiklərini deyir, sosial şəbəkələrdə narazılıq durmadan artır. İnsanlar sual edir: əgər alternativ yol yoxdursa, niyə uçuş qiymətləri bu qədər yüksək saxlanılır və mövcud vəziyyət nə vaxta qədər davam edəcək?
Mövzu ilə bağlı AVP sədri Akif Nağı KONKRET.az-a açıqlamasında bildirib ki, bu problem hazırda bütün cəmiyyəti düşündürən əsas məsələlərdən biridir:

“Quru yollar bağlıdır. İnsanlar təyyarə ilə hərəkət etmək məcburiyyətindədirlər. Niyə qiymətlər bu qədər yüksəkdir? Bizdən qat-qat kasıb olan Gürcüstanda tamam fərqli yanaşma var. Avropa ölkələrində də deyirlər hər şey bahadır, amma bizə baxanda onlarda daha ucuz görünür”.
Akif Nağının sözlərinə görə, aviabiletlərin baha olmasının arxasında müəyyən maraq qruplarının dayanması ehtimalı insanlarda ciddi suallar yaradır:
“Bunu hansısa monopolistlər edirlər və külli miqdarda pul qazanmaq istəyirlər. Bunun kökündə olan səbəb nədir? Hesab edirəm ki, dövlət bu istiqamətdə düşünməli, çıxış yolu tapmalıdır.
Problemin həlli üçün müxtəlif mexanizmlər tətbiq oluna bilər.
Müxtəlif yanaşmalar var. Vaxtaşırı müxtəlif islahatlar keçirmək, ümumi hesablamalar aparmaq mümkündür. Müxtəlif məqamlarda dotasiya verilə bilər. Amma insanların vəziyyətini başa düşməlidirlər. Bu, çox narazılıq doğuran məsələdir”.
Akif Nağı əlavə edib ki, məsələyə yalnız iqtisadi deyil, həm də sosial və ictimai baxımdan yanaşılmalıdır:
“Burada Azərbaycan dövlətini istəməyən insanların da əli var. Onlar öz maraqlarını düşünürlər. Bu məsələyə çox diqqətlə yanaşılmalıdır. Çünki vacib məsələdir. Bununla bağlı ictimai rəy də nəzərə alınmalıdır”.
Müşviq Tofiqoğlu
KONKRET.az