AZ

Paşinyan Rusiyanın idarəçiliyinə qarşı çıxdı

Nikol Paşinyan Ermənistan dəmir yollarının idarəetmə modelinin dəyişdirilməsinin vacibliyindən danışıb.

Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə Kotayk vilayətinin Qoxt kənd sakinləri ilə görüşü zamanı danışıb.

O bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ölkənin dəmir yolu sisteminin inkişafı üçün maneəyə çevrilə bilər.

"Türkiyə hazırda Qars-Dilucu-Naxçıvan dəmir yolu xəttinin tikintisini həyata keçirir, halbuki Ermənistanda artıq hazır dəmir yolu infrastrukturu mövcuddur. Ermənistanda hazır dəmir yolu var və bu imkanlardan istifadə edilməlidir. Aparılan araşdırmalar nəticəsində hökumət problemin mövcud konsessiya idarəetmə modeli ilə bağlı olduğu qənaətinə gəlib. Ermənistan Dəmir Yolları Rusiya konsessiyasındadır və Rusiyanın Qərb ölkələri ilə mürəkkəb sanksiya münasibətləri var. Buna görə Qərb ölkələri bu mexanizmdən yan keçməyin yollarını axtarır”, – deyə o vurğulayıb.

Paşinyan bildirib ki, beynəlxalq şirkətlər sanksiya risklərindən yayınmağa çalışır və daha təhlükəsiz marşrutlar axtarırlar:

“Ermənistan Dəmir Yollarının konsessiya məntiqini mütləq dəyişməliyik. Yeri gəlmişkən, bu dəmir yolları 100 faiz Ermənistan Respublikasına məxsusdur. Bu addım ona görə vacibdir ki, sanksiya maneəsi dəmir yolumuzun inkişafına problem yaratmasın”.

Paşinyanın sözlərinə görə, Ermənistan bu istiqamətdə Rusiya da daxil olmaqla tərəfdaşlarla işi davam etdirəcək.

O əlavə edib ki, Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması məsələsi növbəti mərhələdə nəzərdən keçirilir.

“Şərqdən Qərbə yük axını o qədər böyükdür ki, əminəm Ermənistan dəmir yolu yüksək yüklə işləyəcək və ölkəyə böyük gəlir gətirəcək”, – deyə Paşinyan bildirib.

Baş nazir onu da qeyd edib ki, beynəlxalq tərəfdaşlar Ermənistan ərazisindən keçən avtomobil marşrutlarını da araşdırıblar və ən qısa Şərq-Qərb yolunun Tavuş, Lori və Şirak vilayətlərindən keçdiyi qənaətinə gəliblər:

“Söhbət Tavuşdan Şiraka qədər yolların inkişafı və yük maşınları üçün ödənişli magistralların yaradılmasına böyük investisiya marağından gedir”.

Qeyd edək ki, Ermənistan Dəmir Yollarının konsessiya idarəçiliyi hazırda Rusiya tərəfindən “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti vasitəsilə həyata keçirilir. Paşinyan daha əvvəl də bu məsələyə toxunaraq bildirmişdi ki, Rusiyanın konsessiya idarəçiliyi Ermənistanı bəzi rəqabət üstünlüklərindən məhrum edir. O, idarəetmənin həm Ermənistan, həm də Rusiya ilə dost münasibətləri olan üçüncü ölkəyə verilməsini təklif etmişdi. /modern.az/

Seçilən
0
1
turkustan.az

2Mənbələr