BAKI,TurkicWorld Orxan Qədirzadə
İran Dövlət Televiziyası ABŞ ilə münasibətlərin normallaşdırılmasına dair hazırlanmış ilkin qeyri-rəsmi çərçivə sənədinin hazır olduğunu açıqlayıb. Bildirilən məlumata görə, sənəd iki ölkə arasında hərbi gərginliyin azaldılması və regionda dəniz nəqliyyatının əvvəlki vəziyyətinə qaytarılması istiqamətində mühüm müddəaları əhatə edir.
İran Dövlət Televiziyasının yaydığı rəsmi məlumatda qeyd olunur ki, ABŞ ilə hazırlanacaq razılaşma memorandumunun ilkin qeyri-rəsmi çərçivə layihəsinə əsasən, İran Hörmüz boğazında ticarət dəniz daşımalarını bir ay müddətində müharibədən əvvəlki səviyyəyə qaytarmağı öhdəsinə götürəcək. Bunun qarşılığında ABŞ-nin İran ətrafında yerləşdirdiyi hərbi qüvvələrin mərhələli şəkildə geri çəkilməsi və dəniz mühasirəsi xarakteri daşıyan məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
Açıqlamada həmçinin vurğulanır ki, bu sənəd hələlik yekun hüquqi razılaşma deyil və tərəflər arasında danışıqların davam etdirilməsi planlaşdırılır. Rəsmi Tehran bu addımı bölgədə sabitliyin bərpası və enerji nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi üçün mühüm mərhələ kimi qiymətləndirir.
Hörmüz boğazı dünya enerji daşımalarının əsas keçid nöqtələrindən biri kimi strateji əhəmiyyət daşıyır və burada hər hansı dəyişiklik qlobal neft və qaz bazarlarına birbaşa təsir göstərir. Bu səbəbdən razılaşma çərçivəsinin hazırlanması beynəlxalq iqtisadi və siyasi dairələrdə diqqətlə izlənilir.