AZ

İnsan qurbanı bitdimi

Azərbaycanda hal-hazırda minimum əmək haqqı 400 manatdır, 1 ədəd qoyunun da qiyməti 350-400 manat arasındadır. Deməli, orta statistik zəhmətkeşimiz Qurban bayramı münasibətiylə qoyun alıb kəsmək istəsə, özünü faktiki qurban verməli olacaqdır.

O cümlədən, 1 kilo qoyun-quzu ətinin dəyəri 17 manatdan başlayıb 26 manata qədər gedib çıxırsa, heç 1 kilo qoyun əti alıb bayram keçirmək də (bizdə buna “evdə uşaqlar üçün qazan qaynatmaq” deyilir) o qədər asan məsələ deyildir.

Bəs nə etməli? Məncə qoyun-quzunun bayramda kütləvi kəsilməsi tədbirlərinə hansısa dəyişiklik edilsə yaxşı olar. Məsələn, virtual qurban ayinləri, quzuları bağışlamaq kimi tədbirlər ola bilər. Süni intellekt erasına qədəm qoymuşuq, minillik adətlərə yenidən baxılması zəruridir. Bəyəm küçələrdə sürü ilə qoyunların toplanması, antisanitar vəziyyətdə asfaltın üzərində müştəri gözləyərək saxlanması xoş mənzərədir? Hələ qoyuna qırmızı corab, bant-filan geyindiriləndə lap tragikomik görünür. Üstəlik, qoyun əti çox yağlıdır, ürək-damar sisteminə ziyandır.

Ancaq dini adətdirsə, bunu dəyişmək çətin işdir. Hərçənd, yenə xüsusi qeyd edirəm: qurban ayininin mahiyyəti arxaikləşib, çağdaş dövrün tələblərinə qətiyyən cavab vermir. Məsələn, bu ayini dindarlar adətən necə əsaslandırır, izah edirlər? “Qədimdə insan kəsmək, insan qurban etmə ayinləri varmış, bunu önləmək, aradan qaldırmaq üçün təkallahlı dinlərdə heyvan qurbanları ayini ortaya atılmışdır”.

Çox gözəl. Həqiqətən, insan kəsmək vəhşi hərəkətdir. Lakin kim deyir ki, insan qurbanı aradan qalxıbdır? Heç elə bir zad yoxdur. Paralel olaraq insan qurbanları da verilir. Sadəcə, adını, məramını azacıq rəngləyib, don geyindirib edirlər. Məsələn, “vətən naminə”, “dövlət uğrunda”, nə bilim, “Allah yolunda” və sairə insanlar qurban gedir. Hal-hazırda davam edən Rusiya-Ukrayna müharibəsində ölənlərin sayı 1 milyon nəfərə yaxınlaşmaqdadır. Deməli quzular insanları əvəz etməmişdir. Bu iddia yaxşıdır, ancaq işləmir.

Bu temada bir pritça yadıma düşdü. Adam yol qırağındakı pirə nəzir verir, çıxanda sürətlə gələn maşın bunu vurub qaçır. Şil-küt olur, zarıyır, birdən baxır ki, kimsə başqası da maşını saxlayıb pirə tərəf gedir. Birtəhər başını qaldırıb deyir: “Qardaş bu pir işləmir, getmə”.

İnşallah, gələn Qurban bayramında hamının nəzir-niyazı yerinə yetsin, işimiz avand olsun, bəşərin qurbana ehtiyacı azalsın, yoxa çıxsın. Quzu ətinin qiymətində də endirimlər olsun, buna ümid etməyə əsaslarımız vardır, məsələn, kənd təsərrüfatı istiqamətində iclas keçirilmişdir. İclas oldusa, vəssalam, deməli iş gedir. İclas olmasa mümkün deyil.

Yeri gəlmişkən, fürsətdən istifadə edərək kinoçəkənlərimizi iclas – qurultay münasibətiylə təbrik edirəm. Onlar Rasim Balayevin ölümündən sonra boş qalan sədr vəzifəsinə yeni namizədi də seçmişlər. Düzdür, qurultaya qarışıqlıq salmaq cəhdləri varmış, hətta bir qrup aktyor və rejissorun adından qurultayın qeyri-legitim olması barədə bəyanat yayılmışdı. Sonradan məlum oldu bəyanatı imzalayanların bəzisinin heç bundan xəbəri yoxdur, saxta şəkildə imzalarını basıblar.

Kino ittifaqında qalmaqalın düşməsi müəyyən qədər yaxşı oldu, çünki yazıçıların sədri Anar müəllim həmişə deyirdi ki, camaat ancaq bizi müzakirə edir, heç başqa sənət növlərinin təşkilatlarından danışan yoxdur. Buyur. Deyə-deyə gözə gətirdi, AYB-dəki qalmaqallar artıq kinoçəkənlərin idarəsində də yaşanır.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm bu gün neçə qoyun kəsib xalqa paylamısınız.

 

Seçilən
52
musavat.com

1Mənbələr