AZ

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Yazını böyüt
Yazını kiçilt

Belarus Respublikası Mədəniyyət Nazirliyi, Vitebsk Regional İcraiyyə Komitəsi, Braslav Rayon İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən 59-cu “Braslav Zarnitsı” Ənənəvi Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizi Bakı İctimai Xoru təmsil edib.

Hafta.az xəbər verir ki, mayın 22-24-də baş tutan festivalın açılış tədbiri məhz Bakı İctimai Xoru və solistlərinin iştirakı ilə “Odlar yurdunun nəğmələri” adlı konsert proqramı ilə keçirilib.

Konsertdə Bakı İctimai Xorunun ifasında xalq mahnısı “Sarı gəlin”, Vaqif Mustafazadənin “Yollar”, Emin Sabitoğlunun “Baxtı yarım” və Cahangir Cahangirovun “Banabana gəl” mahnıları səsləndirilib. Gənc solistlər Ramal İbrahimli, Jalal, Anar Həmidli, Nəzrin Qulamova, Ziya Yusubov, Pərvanə Soltanova, Nilgün Məmmədli və Fidan Əmirovanın ifalarında Müslüm Maqomayevin “Azərbaycan”, “Mavi əbədiyyət”, Coakkino Rossininin “Fiqaro”, Səid Rüstəmovun “Haradasan”, xalq mahnısı “Dur, gəl yanıma”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Polad Bülbüloğlunun “Gəl ey səhər”, Emin Sabitoğlunun “İncə bellim”, Fikrət Əmirovun “Dilbərin ariyası”, “Azərbaycan elləri”, Faiq Sücəddinovun “Vətən balladası”, Abuzər Manafzadənin “Xocalıya”, Elza İbrahimovanın “Ey Vətən” adlı musiqi nümunələri tamaşaçılara təqdim olunub.

Festivalda müxtəlif ölkələrdən xor və rəqs kollektivləri, vokal ansamblları iştirak ediblər. Festival üzvləri və rayon ictimaiyyətinin iştirakı ilə baş tutan rəsmi açılış mərasimində Bakı İctimai Xoru Mikayıl Məlikovun “Ey Azərbaycanım” mahnısını ifa edib.

Müxtəlif nominasiyalar üzrə 24 xor kollektivi arasında keçirilən müsabiqədə Bakı İctimai Xoru da yer alıb. Ümumi nəticələrə əsasən kollektiv 3-cü dərəcəli laureat diplomu ilə təltif edilib.

Qeyd edək ki, Bakı İctimai Xoru 2025-ci ilin iyun ayında təsis edilib. Kollektivin əsas məqsədi musiqi sənətinin, xüsusilə xor ifaçılığı ənənələrinin ictimai şəkildə təbliği, yeni istedadların bir araya gətirilməsi, eləcə də milli və dünya musiqi nümunələrinin geniş auditoriyaya təqdim olunmasıdır. Kollektivə qoşulmaq könüllülük prinsipləri əsasında həyata keçirilir.

Seçilən
13
2
hafta.az

3Mənbələr